Bakıda məktəblərdə “Sıfır mobil telefon” pilotu
Bakının bəzi orta məktəblərində mobil telefonların dərs saatlarında tam yığışdırılması ilə bağlı “Sıfır mobil telefon” adlı pilot layihəyə start verilib. Yeni qaydalar üzrə şagirdlər məktəbə daxil olarkən telefonlarını qapıda xüsusi qutulara təhvil verir, günün sonunda geri alırlar.
Layihənin məqsədi dərsə diqqəti artırmaq və sosial şəbəkə asılılığını azaltmaqdır. Lakin yenilik ictimaiyyətdə fərqli reaksiyalar yaradıb: bir qrup valideyn qərarı dəstəkləyir, digərləri isə uşaqları ilə gün ərzində əlaqənin kəsilməsinin riskli olduğunu bildirir.
Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov "İnformator.az"a açıqlamasında bildirib ki,ağıllı telefonların yeniyetmə uşaqlarda bu qədər geniş yayılması, nəzarətsiz şəkildə onlarda olması təbii ki, onların yaş dövrü xüsusiyyətləri ilə üst-üstə düşmür və nəticədə şagirdin həm tədris prosesinə, həm də tərbiyəsinə mane olur:
"Telefonların məhdudlaşdırılması təhsilin keyfiyyətinə real təsir edəcək?Xeyr,etməyəcək. Telefonların məhdudlaşdırılması məktəblərdə nizam-intizam qaydalarına və şagirdlərin tərbiyəsinə təsir göstərən amillərin qarşısını alacaq. Bu, tədris prosesinə mane olan əsas amillərdən biridir. Dünya təcrübəsində məktəblərdə şagird əgər məktəbə daxil olursa, aparıcı təhsil sistemi olan məktəblər hətta ayaqqabısına qədər məktəbin özündə istifadə etdiyi ayaqqabılardan istifadə edir, telefonu təhvil verir. Hər bir şagirdin özünün orada qoruyucu kiçik kamerası var, təhvil verir. Tədris prosesində maneçilik törədən bir amil olmur. Gəlin bu gün fikirləşək ki, ağıllı telefonların bu qədər geniş yayıldığı bir zamanda, internetin həyatımıza bu qədər geniş daxil olduğu bir zamanda şagirdlərin telefondan istifadə etməsi məktəbin günahıdır, yoxsa valideynin? Bütün ağıllı telefonlarda valideyn nəzarəti var. Gəlin baxaq görək, ölkədə valideynlərin neçə faizi valideyn nəzarəti sistemindən istifadə edir? İnanmıram k bu 5 faizi keçsin və reallıq da ondan ibarətdir ki, valideynlər “qonşudan qalma geri” prinsipi ilə övladlarına daha geniş imkanlı, ağıllı telefonlar verirlər, internetlə təmin edirlər, amma onun telefondan necə istifadə etdiyinə heç vaxt nəzarət etmirlər.Bu baxımdan ağıllı telefonların yeniyetmə uşaqlarda bu qədər geniş yayılması, nəzarətsiz şəkildə onlarda olması təbii ki, onların yaş dövrü xüsusiyyətləri ilə üst-üstə düşmür və nəticədə şagirdin həm tədris prosesinə, həm də tərbiyəsinə mane olur. Mən düşünürəm ki, bütün məktəblərin hər birində pedaqoji şura var. Pedaqoji şura ali idarəetmə orqanıdır. Məktəbin və pedaqoji şuranın qərarı ilə həmin məktəbdə tədris prosesi zamanı şagirdlərin ağıllı telefondan istifadəsinə qadağa qoyulmalıdır. Yəni valideyn gedib 1000-2000 manat, ən azı 500 manatdan yuxarı pul verib övladına ağıllı telefon almaq əvəzinə əgər əlaqə saxlamaq istəyirsə, 30-40 manata adi telefon da ala bilər. Birmənalı şəkildə ümumiyyətlə telefonun da qadağan edilməsi bir çox digər problemlər yaradır.Uşaqlarla mütəmadi əlaqə saxlamaq üçün təbii ki, əlaqə vasitəsi lazımdır".
Həmçinin ekspert bildirib ki,məktəblərdə şagirdlərlə yanaşı müəllimlərin və digər işçilərin də təhsil prosesi zamanı telefondan istifadəsina qadağa qoyulmalıdır:
"Ən əsası isə hər bir məktəbin özünün nizamnaməsi olmalıdır. Azərbaycan məktəblərinin nizamnaməsi olmalıdır və bu nizamnamədə konkret olaraq telefon məsələsinə də aydınlıq gətirilməlidir. Övladını məktəbə verən hər bir valideyn nizamnamə ilə tanış olmalıdır və öhdəlik götürməlidir ki, övladının məktəbdə oxuduğu dövrdə məktəbin nizamnaməsinin tələblərinə əməl edəcək. Əməl etməyənlərlə bağlı hansısa bir addım atılmalıdır. Yəni ümumiyyətlə idarəetmə cəza və mükafat sistemi üzərində qurulmalıdır. Əgər qaydaları pozanlara qarşı hər hansı bir cəza yoxdursa, biz orada hansısa nizam-intizamdan danışa bilmərik.
Birmənalı şəkildə təkrar edirəm: ağıllı telefonların qadağan olunması tədris prosesi dövründə vacibdir.İkincisi, təkcə şagirdlər üçün deyil, eyni zamanda müəllimlər üçün də bu addım olmalıdır, məhdudlaşdırılmalıdır,ən azı dərs zamanı olmasın. Bu proses təhsilin keyfiyyətinə yox, nizam-intizam qaydalarının və tərbiyə prosesinin təşkili ilə bağlı müsbət nəticələr verə bilər".
Eslanda Kulieva
