Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin Klinikasında olublar
Elm və təhsil naziri Emin Əmrullayev, həmçinin səhiyyə naziri Teymur Musayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə və Qarabağ Universitetinin Klinikasına rəsmi səfər ediblər.
Bu barədə "İnformator.az"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində qonaqlar əvvəlcə Qarabağ Universitetinin əsas binası ilə tanış olub, universitet rəhbərliyi tərəfindən həyata keçirilən təhsil və inkişaf strategiyası barədə məlumatlandırılıblar. Daha sonra nümayəndə heyəti Tibb və sağlamlıq elmləri fakültəsinin tədris infrastrukturu - auditoriyalar, tədqiqat və tədris laboratoriyaları, həmçinin Simulyasiya Mərkəzi ilə yaxından tanış olub. Qonaqlara praktik bacarıqların inkişafına yönəlmiş tədris imkanları və tələbələrin peşəkar hazırlığı üçün yaradılmış şərait barədə ətraflı məlumat verilib.
Nümayəndə heyəti daha sonra Qarabağ Universitetinin Klinikasına baş çəkərək klinikanın şöbələri, laboratoriyaları, müasir tibbi avadanlıqları və səhiyyə xidmətlərinin təşkili ilə tanış olub.
Rəsmi proqram çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev və səhiyyə naziri Teymur Musayev fakültənin tələbələri, akademik heyəti və klinikanın əməkdaşları ilə görüş keçiriblər. Görüş zamanı ölkədə tibb təhsilinin inkişafı, səhiyyə sistemində insan resurslarının gücləndirilməsi, gənc həkimlərin hazırlığı və elmi-tədqiqat fəaliyyətinin təşviqi məsələləri müzakirə olunub.
İnteraktiv formatda keçən görüşdə nazirlər iştirakçıların suallarını cavablandıraraq dövlətin təhsil və səhiyyə sahələrinin inkişafına yönəlmiş prioritetləri barədə məlumat verib, səhiyyə sahəsində aparılan islahatlarla bağlı fikirlərini bölüşüb, gənclərin peşəkar inkişafına və keyfiyyətli tibb təhsilinin təmin edilməsinə xüsusi önəm verildiyini vurğulayıblar.
Görüş zamanı Qarabağ Universitetinin regionda yüksək ixtisaslı tibbi kadrların hazırlanmasında oynadığı rol, universitet-klinika modelinin üstünlükləri, eləcə də Qarabağda müasir səhiyyə və təhsil ekosisteminin formalaşdırılması istiqamətində görülən işlər diqqət mərkəzində olub.
Qonaqlar həmçinin universitetin tələbə yataqxanasında tələbələr üçün yaradılmış yaşayış şəraiti və təqdim olunan imkanlarla tanış olublar.
Səfər çərçivəsində qonaqlar Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin hazırladığı musiqi proqramını da izləyiblər.