Bakıda qanunsuz tikililər söküldü
Bakının bir neçə ərazisində icazə sənədi olmayan qanunsuz tikintilər sökülür. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Xidmətinin müfəttişi Adil Bayramov ərazilərin adlarını açıqlayıb. Adil Bayramovun bildirdiyinə görə, Xəzər rayonu, Buzovna qəsəbəsinin Nizami küçəsində və Təmanis yaşayış massivində sahibkarlar tələb olunan torpağa çıxarış, tikintiyə aid icazə sənədi, təsdiq olunan layihə və ekspertizanın rəyi olmadan yaşayış evi adı altında ticarət məqsədli obyekt tikiblər. Bu faktlar FHN-in apardığı araşdırma zamanı üzə çıxıb. “Neçə müddətdi sahibini tapa bilmirik. Tikintinin sökülməsi barədə qərar dəfələrlə xəbərdarlıq edildikdən sonra verilib.
Obyekt sahibi ilə də əlaqə saxladıq. Sahibkar söküntü ilə bağlı heç bir xəbərdarlıq olunmadıqlarını bildirdi. Adının çəkilməsini istəməyən sahibkar buranın onun öz evi olduğunu, ev proyekti üçün icazə aldığını dedi. Onun sözlərinə görə, İcra hakimiyyətindən yaşayış evinin tikilişi üçün bütün sənədləri var.
Digər sökülməli olan tikili isə Qala qəsəbəsi, “Hövsan südçülük sovxozu” adlanan ərazidədir. Bu tikilinin sahibi isə iddia edir ki, qardaşı neçə illərdi kirayədə yaşayır. İndi özünə ev alıb ki, düzəltsin, təmir etsin. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Xidmətinin müfəttişi isə bildirir ki, sözügedən ərazinin sahibi ilə iki-üç dəfə telefonla danışaraq sənədləri gətirmələrini xahiş edib. Lakin sənəd gətirilməyib.
4-cü sökülən tikinti isə sənəddə ev kimi qeyd edilsə də, əslində xeyir-şər evi kimi nəzərdə tutulub. Bu səbəbdən də tikintinin bünövrəsinə qədər sökülməsinə qərar verilib.
AİDƏ
