Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olunub
Bakıda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr arasında görüş keçirilib və tərəflər iki ölkə arasında yeni əməkdaşlıq imkanlarını qiymətləndiriblər.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli "İnformator.az"a açıqlamasında bildirib ki, Türkiyə ilə ABŞ arasında enerji sahəsində əməkdaşlığın bir qoluAzərbaycandır və Orta Asiyadır:
"Azərbaycan və Mərkəzi Asiya regionun yeni enerji mərkəzlərinə çevrilir. Bu səbəbdən ABŞ ilə Türkiyə arasındakı istənilən əməkdaşlıqda Azərbaycanın da payı, mövqeyi və rolu mövcuddur. Türkiyə, ümumiyyətlə, Avropanın yeni enerji qovşağına çevrilməyə çalışır. Hazırda həm qazın, həm də neftin Türkiyə üzərindən Avropaya çatdırılması prosesi baş verir, lakin nəql olunan həcmlərin artırılmasına ehtiyac var. ABŞ ilə tərəfdaşlığın genişlənməsi Türkiyənin Avropa üçün logistik enerji təminatçısına çevrilməsini sürətləndirə bilər ki, bu da Azərbaycan üçün olduqca sərfəlidir”.
Günel Əlili