Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
Azərbaycan Velosiped İdmanı Federasiyasının tərəfdaş qurumlarla birgə təşkil etdiyi veloyürüş yüzlərlə velosipedsevəri bir araya gətirib. Tədbir çərçivəsində velosipedin həm idman növü, həm də gündəlik nəqliyyat vasitəsi kimi üstünlükləri diqqətə çatdırılıb.
"Veloyürüşlərin əsas məqsədi cəmiyyətə velosipedin yalnız idman vasitəsi deyil, həm də gündəlik həyat üçün rahat, faydalı və ekoloji təmiz nəqliyyat vasitəsi olduğunu göstərməkdir. Bu yürüşlər sürücülərə velosipedçilərin də yol hərəkətinin tamhüquqlu iştirakçıları olduğu mesajını verir və yollarda qarşılıqlı hörmət mədəniyyətinin formalaşmasına kömək edir".
Bu sözləri "Gənc Peşəkar Velosipedçilər Klubu" İctimai Birliyinin təsisçici, təşkilatın sədri Vüqar Salahov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, veloyürüşlər ölkəmizdə velosiped mədəniyyətinin inkişafına, sağlam həyat tərzinin təbliğinə və insanların fiziki aktivliyinin artmasına xidmət edir:
"Müntəzəm velosiped sürmək ürək-damar sağlamlığını yaxşılaşdırır, stressi azaldır və insanların daha aktiv həyat tərzi keçirməsinə kömək edir. Araşdırmalar göstərir ki, velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edən insanlar daha sağlam həyat sürürlər.
Bununla yanaşı, velosiped şəhərlərdə tıxacların azalmasına, havanın daha təmiz olmasına və ətraf mühitin qorunmasına töhfə verir. Avtomobil istifadəsinin bir hissəsinin velosipedlə əvəz olunması karbon emissiyalarını və səs-küyü əhəmiyyətli dərəcədə azaldır".
Müsahibimizin sözlərinə görə, veloyürüşlər həm də insanları velosipeddən gündəlik nəqliyyat vasitəsi kimi istifadə etməyə həvəsləndirir, təhlükəsiz velosiped infrastrukturuna olan tələbatı artırır və gələcək nəsillərdə sağlam, aktiv və ekoloji düşüncənin formalaşmasına töhfə verir:
"Buna görə də veloyürüşlər velosipedin Azərbaycanda inkişafı və geniş yayılması üçün vacib rol oynayır.
Velosipedin ən böyük üstünlüklərindən biri odur ki, insan əlavə vaxt ayırmadan idman etmiş olur. Adətən sağlam həyat tərzi sürmək istəyən insanlar idman zallarına gedir, qaçış edir, üzgüçülüklə məşğul olur və ya digər fiziki fəaliyyətlər üçün xüsusi vaxt ayırırlar. Velosiped isə bu ehtiyacı gündəlik həyatın bir hissəsinə çevirir.
İnsan gedəcəyi yerə avtomobil əvəzinə velosipedlə getdikdə həm məsafəni qət edir, həm də eyni zamanda idman etmiş olur. Bu zaman açıq havada hərəkət edir, təmiz hava qəbul edir, ürək-damar və tənəffüs sistemi güclənir, fiziki aktivliyi artır. Velosiped sürmək insanın stressini azaltmağa, düşüncələrini daha aydın formalaşdırmağa, yeni ideyalar yaratmağa və diqqətini, reaksiyasını inkişaf etdirməyə də kömək edir".
Müsahib daha sonra qeyd edib ki, məsələn, bir insan gedəcəyi yerə avtomobillə 15 dəqiqəyə çata bilər. Velosipedlə həmin məsafəni bəlkə də 30 dəqiqəyə qət edəcək. Lakin bu əlavə vaxt əslində itirilmiş vaxt deyil:
"Çünki həmin insan ayrıca idman zalına getmək, məşq etmək və vaxt sərf etmək məcburiyyətində qalmır. O, gündəlik hərəkətini yerinə yetirərkən həm də sağlamlığına investisiya etmiş olur.
Velosiped insanın nəqliyyat vasitəsi ilə idmanı birləşdirən ən səmərəli seçimlərdən biridir. Bu səbəbdən velosipedin geniş yayılması həm insanların sağlamlığına, həm şəhər həyatına, həm də ümumi həyat keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verir.
Qeyd etmək istəyirəm ki, burada yazdıqlarım sadəcə nəzəri fikirlər deyil. Mən velosipeddən gündəlik həyatımda aktiv şəkildə istifadə edən və bütün bu hissləri yaşayan bir insan kimi öz təcrübəmi bölüşürəm. Velosiped mənim üçün təkcə nəqliyyat və ya idman vasitəsi deyil, həyat tərzidir.
Səmimi olaraq deyə bilərəm ki, velosiped həyatımda daha enerjili, daha disiplinli və daha pozitiv olmağıma kömək edib. Açıq havada hərəkət etmək, yeni insanlarla tanış olmaq, yeni marşrutlar kəşf etmək və sağlam qalmaq insana xüsusi zövq verir. Məhz buna görə müxtəlif çıxışlarımda, videolarımda və paylaşımlarımda insanlara daim bir çağırış edirəm: idman edin, sağlam olun və həyatınızdan zövq alın. Mən bunu velosipedi sevdiyim üçün deyil, həqiqətən bunun insan həyatına verdiyi faydaları yaşadığım üçün deyirəm. İnanıram ki, hər bir insan fiziki aktivliyi həyatının bir hissəsinə çevirsə, həyata daha rəngarəng baxar, daha çox enerji qazanar, özünü daha yaxşı hiss edər və gündəlik həyatın stressi ilə daha rahat mübarizə aparar. Mənim tövsiyəm çox sadədir: idman edin, sağlam olun və həyatınızdan zövq alın. Çünki sağlam bədən, pozitiv düşüncə və aktiv həyat tərzi insanın özünə verə biləcəyi ən dəyərli hədiyyələrdəndir".
Zəhra Möhübbətova