Bakıda yağış sonrası su basmaları: Kanalizasiya sistemi problemi necə həll olunacaq?
Son günlər paytaxtda müşahidə olunan güclü yağışlar bir sıra ərazilərdə ciddi çətinliklər yaradıb. Xüsusilə, yolların və avtobus dayanacaqlarının su altında qalması həm nəqliyyatın hərəkətinə mane olub, həm də gündəlik həyatın axarını çətinləşdirib. Mütəxəssislər problemin əsas səbəblərindən biri kimi yağış sularının vaxtında axıdılmamasını və mövcud kanalizasiya sistemindəki çatışmazlıqları göstərirlər.
Yağış zamanı ərazidə olan Elturan Əhmədov “İnformator.az” a yaşanan çətinliklərdən danışıb:
“Dostumla avtobusla 28 Maya gedirdik. ADNSU-nun qarşısında avtobusların dayandığı hissə demək olar ki, gölə çevrilmişdi, hətta su ləpə vururdu. Məncə, bu problemin əsas səbəblərindən biri inkişaf etmiş kanalizasiya sistemlərinin yetərli olmamasıdır. Yağıntı suları tam şəkildə axıdılmadığı üçün belə problemlər yaranır. Bu isə həm nəqliyyatın hərəkətini çətinləşdirir, həm də mənim kimi işə və ya universitetə gedən insanlar üçün ciddi maneəyə çevrilir. Fikrimcə, bu, şəhərdə aradan qaldırılması vacib olan əsas problemlərdən biridir. Çünki bu gün yaratdığı çətinliklər gözardı olunsa, sabah daha böyük problemlərlə qarşılaşa bilərik”.
Mövzu ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanlasaq da,cavab ala bilmədik.
Arzu Poladova