Bakıda Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası keçirilib
Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalında mübarizə aparan Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui – Tahiti) komandalarına dəstək aksiyası keçirilib.
"İnformator.az" xəbər verir ki, Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Atletlər Kəndinin qarşısında toplaşaraq yarışlara yollanan gənc futbolçuları salamlayıblar.
Azarkeşlər komandalarına dəstəklərini ifadə etməklə yanaşı, milli kimliklərinə, mədəniyyət və ənənələrinə bağlılıqlarını nümayiş etdiriblər. Daha sonra dəstək aksiyası yarışların keçirildiyi Hövsan Yarış Kompleksində də davam edib.
Tədbir zamanı Sakit okean xalqlarının həmrəyliyi və gənc idmançıların beynəlxalq arenada öz xalqlarını layiqincə təmsil etməsinin əhəmiyyəti ön plana çəkilib.
Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu daha əvvəl hər iki komandanın Azərbaycana səfərini alqışlayaraq futbolun xalqlar arasında dostluğun möhkəmlənməsinə və mədəni əlaqələrin inkişafına xidmət etdiyini bildirib. Oktyabrın 22–30-da Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında 189 futbol assosiasiyasının komandaları iştirak edir.