00:00:00
Yazar
Zəhra Həsənova
23.06.2026 19:41 33 2 dəq oxuma
Sosial

Bakıdakı tələbə sayının azaldılması gündəmdə

Bakıdakı tələbə sayının azaldılması gündəmdə

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, ali təhsil müəssisələrində paytaxtda tələbə sıxlığının azaldılması istiqamətində addımlar nəzərdən keçirilir. Məqsəd region universitetlərinin daha da gücləndirilməsi və təhsil imkanlarının ölkə üzrə daha balanslı bölüşdürülməsidir. Bu yanaşma həm infrastruktur yükünü azaltmaq, həm də regionlarda təhsil keyfiyyətini artırmaq üçün vacib sayılır.

 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi “İnformator.az” a açıqlamasında bildirib ki,qərar bölgə universitetlərinin inkişafına təkan verə bilər:

 

“Tələbələrin paytaxt universitetlərində sayının azaldılması təhsil keyfiyyətinə müsbət təsir göstərə bilər. Lakin həmin universitetlərdə ixtisaslar üzrə plan yerlərinin azalması keçid ballarının yüksəlməsinə də səbəb olacaq. Bu qərar bir tərəfdən universitetlərdə tədrisin keyfiyyətinin artırılmasına, digər tərəfdən isə paytaxtda sıxlığın müəyyən qədər azalmasına xidmət edir. Eyni zamanda, bu addım bölgə universitetlərinin inkişafına da təkan verə bilər. Tələbə sayının artması həmin ali təhsil müəssisələrinin həm sosial-iqtisadi baxımdan güclənməsinə, həm də yerləşdikləri regionların inkişafına müsbət təsir göstərəcək. Bununla yanaşı, bölgə universitetlərində infrastrukturun yenilənməsi vacibdir. Müasir kampusların yaradılması, yeni tədris və inzibati korpusların tikilməsi daha çox tələbənin qəbuluna və keyfiyyətli təhsil mühitinin formalaşmasına imkan verər. Bu, universitetlərin müasir çağırışlara uyğun inkişafını təmin edən əsas amillərdən biridir. Qərarın tələbələrin sosial həyatına və əmək bazarına çıxış imkanlarına da müsbət təsir göstərə biləcəyini düşünürəm. Son illərdə yaradılan Şamaxı Dövlət Universiteti, Ağdam Dövlət Universiteti və Quba Dövlət Universiteti kimi ali təhsil müəssisələri regionlarda təhsilin inkişafına töhfə verir. Bu universitetlərin məzunları da ixtisaslarından asılı olaraq əmək bazarında karyera qurmaq və peşə fəaliyyətinə başlamaq imkanına malikdirlər. Universitetlər yalnız təhsil müəssisəsi kimi deyil, həm də tələbə şəhərcikləri kimi formalaşdırılmalıdır. Bundan əlavə, bölgələrdə fəaliyyət göstərən müəssisələrlə əməkdaşlıq müqavilələrinin bağlanması tələbələrin istehsalat təcrübəsi keçməsinə, nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə şərait yaradar. Bu baxımdan, sözügedən qərarı məqsədəuyğun və zəruri addım kimi qiymətləndirmək olar”.

 

Arzu Poladova

#Təhsil #tələbə #nazirlik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər