"Bakının şaxələndirilmiş xarici siyasətində yeni Asiya mərhələsi başlayır"-ŞƏRH
Azərbaycan Respublikası və Koreya Respublikasının xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Koreya tərəfindən isə xarici işlər nazirinin müavini Çonq Eui-hae başçılıq edib.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanın xarici siyasəti şaxələndirilmiş və balanslı bir siyasətə əsaslanır:
"Ölkəmizin Qərb, Avropa İttifaqı və ABŞ ilə münasibətləri yeni səviyyəyə qalxıb. Bundan başqa, son illər Yaxın Şərq dövlətləri ilə əlaqələr intensivləşib və bir çoxu ilə strateji tərəfdaşlıq qurulub. Diqqət çəkən əsas istiqamətlərdən biri də Asiyadır. Azərbaycan regionun aparıcı dövlətləri olan Yaponiya və Cənubi Koreya ilə əlaqələrini genişləndirir. Müstəqillik dövründən bu yana mövcud olan normal münasibətləri daha da irəli aparmaq üçün son illər mühüm addımlar atılır”.
Həmçinin politoloq qeyd edib ki, bu ölkələrlə münasibətlərin inkişaf etdirilməsi çox vacibdir:
“Yaponiya və Cənubi Koreya yüksək texnologiyalar, süni intellekt və robot sənayesi sahəsində qlobal liderlərdəndir. Eyni zamanda, hər iki dövlət enerji resurslarını xaricdən idxal edir. Enerji mərkəzinə, bərpa olunan enerji sahəsində önəmli aktora və logistik qovşağa çevrilən Azərbaycan bu baxımdan böyük maraq kəsb edir. Onlar ölkəmizlə enerji sektoru daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıqda maraqlıdırlar. Digər tərəfdən, Cənubi Koreya qlobal müdafiə sənayesində ciddi uğurlar qazanıb və istehsal etdiyi hərbi avadanlıqlar dünyada böyük tələbata malikdir. Bu səbəbdən, iqtisadi əlaqələrlə yanaşı, hərbi-texniki sahədə də əməkdaşlığımızı dərinləşdirə bilərik”.
Günel Əlili