Bakının turistlər üçün cəlbediciliyi: qədimlik və müasirliyin vəhdəti
Bakıya gələn turistlərin sayında artım müşahidə olunur. Dünyanın müxtəlif ölkələrindən paytaxtımıza gələn xarici qonaqların marağını əsasən nələr cəlb edir? Turist axınının coğrafiyasında hansı dəyişikliklər baş verir və Azərbaycanın turizm potensialından daha səmərəli istifadə etmək üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında turizm məsələləri üzrə ekspert Rəhman Quliyev bildirib ki, son dövrlərdə Azərbaycana gələn turistlərin coğrafiyasında müəyyən dəyişikliklər müşahidə olunur. Xüsusilə Hindistan, Çin və Mərkəzi Asiya ölkələrindən gələn turistlərin sayında artım diqqət çəkir.
“Paytaxtımıza əsasən Rusiya, Türkiyə, Hindistan, Gürcüstan, Qazaxıstan və Çindən turistlər gəlir. Ənənəvi Rusiya və Türkiyə bazarları isə öz mövqeyini qoruyur. Eyni zamanda, turistlərin Bakıda qalma müddətinin və hotel gecələmələrinin artması da müsbət tendensiyadır. Bu, Bakının regionda təkcə qısamüddətli səfərlər üçün deyil, daha uzunmüddətli turizm istiqaməti kimi də maraq doğurduğunu göstərir. Ümumilikdə, turist axınının daha çox şaxələndiyini və yeni bazarların formalaşdığını deyə bilərik”.
Ekspertin sözlərinə görə, turistlərin Bakı seçimində əsas amillərdən biri şəhərdə qədimliklə müasirliyin birləşməsidir. Tarixi-mədəni irslə yanaşı, paytaxtın müasir şəhər infrastrukturu da xarici qonaqların diqqətini çəkir.
“İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı kimi tarixi-memarlıq nümunələri turistlərdə böyük maraq doğurur. Xüsusilə xarici turistlər bir səfər çərçivəsində həm Azərbaycanın tarixi-mədəni irsi, həm də müasir Bakı ilə tanış olmaq istəyirlər. Ona görə də bu iki istiqaməti bir-birindən ayırmaq düzgün olmazdı. Əksinə, onların vəhdəti Bakının turizm baxımından əsas üstünlüklərindən biridir”.
Rəhman Quliyev hesab edir ki, tarixi irslə müasir şəhər mühitinin paralel şəkildə təqdim olunması gələcəkdə də Bakının turizm cəlbediciliyinin qorunmasında mühüm rol oynaya bilər. O həmiçinin vurğulayır ki, gələcəkdə də məhz bu balansın qorunması paytaxtın turistlər üçün cəlbediciliyini daha da artıracaq.
Ekspert Azərbaycanın turizm imkanlarının yalnız Bakı ilə məhdudlaşmadığını və ölkənin regionlarının da xarici turistlər üçün daha geniş şəkildə təqdim edilməsinin vacib olduğunu qeyd edib. Onun fikrincə, bunun üçün regionlarda turizm infrastrukturunun gücləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi əsas məsələlərdəndir.
“Yeni turizm istiqamətlərinin tanıdılması, birbaşa uçuşların artırılması və müxtəlif ölkələrdən turist cəlb etmək üçün məqsədyönlü təbliğat kampaniyalarının həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır”.
Rəhman Quliyev Azərbaycanın xarici ölkələrdə daha geniş təbliğinə və turizm imkanlarının tanıdılmasına investisiya qoyulmasının vacibliyini də diqqətə çatdırıb. Ekspert bu istiqamətdə ayrılan vəsaitin yalnız cari turizm göstəricilərinə deyil, sektorun uzunmüddətli inkişafına xidmət etdiyini düşünür.
“Ölkəmizin xaricdə təbliği və təşviqi üçün vəsait ayrılmalıdır. Təbii ki, bu istiqamətdə xərclənən vəsait Azərbaycan turizminin gələcək inkişafı üçün fundamental investisiyadır”.
Ekspertin sözlərinə görə, Azərbaycanın turizm potensialının təqdimatında milli-mədəni irs, təbiət və qastronomiya xüsusi yer tutmalıdır. Bu istiqamətlərin xarici bazarlarda daha geniş tanıdılması yeni turist bazarlarının formalaşmasına və ölkəyə gələn turistlərin sayının artmasına imkan verə bilər.
“Xüsusilə milli-mədəni irsimizin, təbiət və qastronomiya imkanlarımızın xarici bazarlarda daha geniş tanıdılması turist axınının artmasına ciddi təsir göstərə bilər. Düşünürəm ki, bu istiqamətlər üzrə kompleks və davamlı addımlar Azərbaycanın turizm potensialından daha səmərəli istifadə etməyə imkan verəcək”.
Beləliklə, turist axınının coğrafiyasının genişlənməsi və yeni bazarlardan gələn turistlərin sayının artması Azərbaycanın turizm sektorunda yeni imkanların yarandığını göstərir. Ekspertin fikrincə, bu tendensiyanın davamlı xarakter alması üçün həm Bakı, həm də regionların turizm imkanlarının beynəlxalq səviyyədə daha sistemli şəkildə təqdim olunması, infrastrukturun inkişaf etdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi vacibdir.
Süsən Mərdalıqızı