Bakıya 12 mindən çox turist gələcək!
"Ümumiyyətlə, Azərbaycanda turizm bumu məhz "Formula-1" yarışlarının Azərbaycana gəlməsi ilə başlamışdır. 2016-cı ildə ilk yarış keçiriləndə xaricdən gələn turistlər bizim Bakımızın, Azərbaycanımızın gözəlliyini, xalqımızın mədəniyyətini, tarixini, qonaqpərvərliyini görəndə, yarış qurtarandan bir iki ay sonra ailələri ilə ölkəmizə gəlməyə başlayıblar. Növbəti illərdə yarışlara özləri, dostları, qohumları əqrəbalarını, yəni vətənlərində kim varsa, hamıyla yığışıb gəliblər".
Bu mövzu haqda "Formula-1" yarışlarının şərhçisi, Azərbaycan Qran-prisinin səfiri Rəhim Əliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, əslində məqsəd bu idi ki, bizim ölkəmizi reklam eləsinlər:
"Məncə elə ilk yarışdan sonra alınıb və bu da turizm bumuna səbəb olub. İndi ilk yarışlarımıza qeyd edim ki, daha çox turist gəlirdi. Çünki ölkəmizdə "F1" elə də məşhur deyildi və insanlar elə də maraq göstərmirdilər, qiymətlər də onlara bir az yüksək gəlirdi. Amma sonradan insanlar gördülər ki, əvvəla "Formula-1" doğrudan da, maraqlı, əyləncəli bir idman növüdür. İkincisi də, bizim təşkilatçılar, Bakı Şəhər Halqası hər bir yarışa müxtəlif qonaqlar dəvət edir və söhbət şou tərəfindən gedir. Qonaqlar da dünya şöhrətli insanlar olurlar. Yəni sadəcə hansısa bir musiqiçi yox, bütün dünyada tanınmış, yəni yüksək kalibrli, yüksək səviyyəli ulduzlar dəvət edirlər. Bütün bunlar ona gətirib çıxartdı ki, əksinə, xaricdən gələn turistlərin sayı azalıb, yerli insanların, azarkeşlərin, tamaşaçılarını sayı artıb. Ona görə də görürsünüz ki, artıq bundan əvvəlki, keçən ilki və bu ilki tribunaların sayı artıb. Yəni oturaq yerlərinin sayı artırılır.
Amma yenə də xaricdən gələn turistlərin sayı görürsünüz ki, hesabatda da deyildiyi kimi çox yüksəkdir. Azərbaycanda heç bir tədbirə, heç bir yarışa bu qədər turist, eyni anda konkret zaman kəsiyində, yəni 1 həftə götürsək, bu qədər sayda insanın bir anda bir yerdə olması demək olar ki, başqa hallarda mümkün deyil. Amma insanlar gəlirlər və ölkəmiz üçün əlbəttə ki, bunun bir neçə baxımdan üstünlüyü, xeyri var. Fikirləşin ki, birincisi, yenə deyirəm lap "F1"in öz tərəfindən götürsək, yəni idmançılar, komandalar, vip qonaqlar belə, onların arasında bilirsiz ki, sosial aktiv insanlar var. Sosial şəbəkələrdə hamısının böyük izləyiciləri var və bizim Bakımızdan gözəl mənzərələri, rakursları paylaşmaları reklamdır. Turistlər hamısı qaldıqları otellərdən, gəzdikləri küçələrdən. oturduqları tribunlardan həm yarışla bağlı, həm şəhərimiz, ölkəmizlə bağlı etdikləri paylaşımları ilə ölkəmizə çox xeyirli, böyük imkanlar açır. Ümid edirəm ki, növbəti illərdə də müqavilə uzadılacaq".
Müsahibimizin sözlərinə görə, idman növünün yerli iqtisadiyyata xeyri haqqında kifayət qədər çox yazılıb, çox deyilib:
"Yenə deyirəm ki, insanlar gəlirlər. Bilirsiz, məsələn deyirdilər ki, hansısa futbol turnirinin finallığını bizdə keçirilib, amma yadınızdasa futbol azarkeşləri yalnız həmin oyun günü çarter reyslərlə gəliblər, stadionda toplaşırlar yarışı izləyiblər. Və elə yarış qurtarandan sonra gediblər. Yəni demək olar ki, ölkədə heç qalmayıbar. Öz çarter reyslər idi deyən yalnız öz ölkələrinin büdcələrini doldurublar. Bizim aeroportun icarəsi nə qədərdir bilmirəm, bu uçuşlarla bağlı məsələdir, yəqin ki, amcaq onu ödəyiblər.
Amma indi baxaq, "F1"də necədir? Birincisi, gəlirlər ölkəmizə, bizim yerli təyyarə şirkətin büdcəsini doldururlar. Bizim idmanımız yenidir. Bir neçə saatlıq deyil, 3-4 günlükdür, buna görə 3-4 gün, ən azı burada qalmalıdırlar. Deməli, otel tuturlar, otellərə pullar ödəyirlər. Otellərə gələnə qədər və daha sonra da taksiylə hərəkət edirlər. Hardasa görməli yerlərə avtobuslarla, qatarlarla gedirlər, yenə pul xərcləyirlər. Gündəlik qalırlar, adətən bizdə otellər yalnız səhər yeməyi verir, digər qidalanmalar hamısı ya şəhərdəki kafelərdə olur, restoranlarda olur. Bunlar hamısı əlavə puldur. Yəni istər iaşə servis, istər taksi xidməti, yəni bütün bunlar hamısı aydın məsələdir ki, bunlar "Formula-1" yarışının hesabına qazanılır. Yəni bir neçə xidmət sektoruna çox ciddi gəlir gətirir və unutmuruq ki, bu gəlir hamısı 0 valyuta halındadır. Bu ölkəmizə iqtisadi cəhətdənən çox xeyir verən, qeyd edim ki, valyuta gətirən idman növləri barmaqla sayacaq qədər azdır, onlardan ən böyüyü, əlbəttə ki, hər il keçirilən "F1" yarışlarıdır".
Zəhra Möhübbətova
