Bankanı açmazdan əvvəl diqqət: Konservlər nə zaman həyati təhlükə yaradır?
Konservləşdirilmiş qidalar uzun müddət saxlanılması baxımından əlverişli olsa da, onların qablaşdırılmasında yaranan zədələnmələr ciddi qida təhlükəsizliyi riskləri yarada bilər. Xüsusilə bankanın daxili səthində baş verən korroziya, qoruyucu örtüyün zədələnməsi və hermetikliyin pozulması məhsulun keyfiyyətinə və insan sağlamlığına təsir göstərə bilər.
Mövzu ilə bağlı "İnformator.az"a qida eksperti Fərid Səfərov bildirib ki, konservləşdirilmiş qidalarda daxili zədələnmə dedikdə bankanın iç səthində korroziya, paslanma, örtüyün zədələnməsi və ya məhsulla qablaşdırma materialı arasında arzuolunmaz reaksiyalar nəzərdə tutula bilər:
“Bu cür zədələnmələr həm məhsulun keyfiyyətinə, həm də qida təhlükəsizliyinə təsir göstərə bilər. Əsas risklərdən biri metalın və digər qablaşdırma komponentlərinin qidaya keçməsidir. Bankanın daxili qoruyucu örtüyü zədələndikdə metal səth məhsulla birbaşa təmas edə bilər. Xüsusilə turşulu qidalarda bu proses daha sürətli gedə və məhsulda metal dadı, rəng və qoxu dəyişiklikləri yarada bilər”.
Ekspertin sözlərinə görə, digər mühüm təhlükə isə mikrobioloji çirklənmədir.
Əgər banka hermetikliyini itiribsə və ya konservləşdirmə prosesi düzgün aparılmayıbsa, mikroorqanizmlər çoxala bilər. Xüsusilə anaerob şəraitdə inkişaf edə bilən Clostridium botulinum ciddi təhlükə yaradır. Onun yaratdığı botulinum toksini ağır qida zəhərlənməsinə, hətta həyati təhlükəyə səbəb ola bilər.
İstehlakçı bankanı açmazdan əvvəl şişmə, sızma, dərin əzik, tikiş hissəsində zədələnmə, güclü paslanma və qapağın boşalması kimi əlamətlərə diqqət etməlidir. Banka açıldıqdan sonra isə qeyri-adi qoxu, rəng dəyişməsi, köpüklənmə və ya məhsulun görünüşündə şübhəli dəyişiklik varsa, dadına baxmadan atılmalıdır. Konservin təhlükəsiz olub-olmadığını yalnız xarici görünüşə əsasən müəyyən etmək həmişə mümkün deyil.
Buna görə məhsulun qablaşdırmasının bütöv, son istifadə müddətinin keçməmiş və etibarlı istehsalçıdan olması mühüm şərtdir. Sağlam qidalanaraq sağlam yaşayın!
Nurgün Qənizadə