Baş verənlər dünyada çoxqütblü nizamın formalaşdığını göstərir
ABŞ-nin tarif tətbiq etməklə bağlı təhdidləri transatlantik münasibətləri sarsıdır. Bu barədə Almaniya və NATO-nun digər yeddi ölkəsinin birgə bəyanatında bildirilib. Sənəddə qeyd olunur ki, Trampın tariflərlə təhdid etdiyi ölkələr suverenliklərini qətiyyətlə müdafiə etmək niyyətindədirlər.
Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ ilə Avropa İttifaqı arasında Qrenlandiya ilə bağlı razılaşma əldə olunmasa, gərginlik daha da dərinləşəcək. Bu vəziyyət ABŞ-nin NATO-dan çıxmasına səbəb ola bilər:
“Avropa İttifaqı ilə ABŞ arasında yaranan gərginlik getdikcə artır. Tədricən Avro-Atlantik blokda iki güc mərkəzi - ABŞ və Avropa İttifaqı - üz-üzə gəlir. Belə ki, ABŞ nəyin bahasına olursa-olsun Qrenlandiyanı əldə etmək istəyir, Avropa İttifaqı isə buna mane olmağa çalışır. Aydındır ki, ABŞ burada daha güclü tərəfdir və gec-tez öz istəyinə nail olacaq. Avropa İttifaqının bunun qarşısını hərbi yolla almaq imkanı yoxdur. Üstəlik, bu prosesdə ABŞ-yə mane olan 8 ölkəyə qarşı Tramp sanksiyalar tətbiq edib. Fevral ayından bu sanksiyalar qüvvəyə minəcək. Həmin 8 ölkə Danimarkanı müdafiə edən dövlətlərdir. Bu isə Avropa ölkələrinin narazılığına səbəb olub. Avropa İttifaqı ilə ABŞ arasında ötən il imzalanan ciddi ticarət sövdələşməsi mövcuddur. Avropa Parlamenti dünən həmin sazişi təsdiqləməyib və bununla da ilkin etirazını bildirib. Bu o deməkdir ki, ABŞ ilə Avropa İttifaqı arasında Qrenlandiya ilə bağlı razılaşma əldə olunmasa, gərginlik daha da dərinləşəcək. Dərinləşmə hərbi sahədə əməkdaşlığa təsir göstərə bilər”.
Müsahibin sözlərinə görə, yeni çoxqütblü nizamın formalaşması iqtisadi bloklaşmanın yaranmasına səbəb olacaq:
“Qrenlandiya üzərində yaranan qarşıdurma ABŞ ilə Avropa arasında ayrılmanı reallaşdıra bilər. Yaranan bu gərginlikdən digər güclərin yararlanmasına gəldikdə isə, istər Çin, istərsə də Rusiya bu vəziyyətdən məmnundurlar. Avro-Atlantikanın parçalanması Çinin və Rusiyanın maraqlarına uyğundur. Çünki Avro-Atlantika uzun müddət dünyanın əsas güc mərkəzi olaraq Rusiya və Çinin güclənməsinə mane olub. Bu proses Avropa məkanında Rusiyanın Ukraynaya qarşı imkanlarını artıra bilər. ABŞ bu müharibədən geri çəkilərsə, bu, Rusiyanın güclənməsinə təsir göstərə bilər. Eyni zamanda, Avropa ilə Çinin iqtisadi əlaqələri dərinləşə bilər. Mövcud gərginlik Atlantikanın rəqiblərinin güclənməsinə xidmət edir”.
Zəri Bayramlı
