Basketbol millimiz ilk matçında uduzub
"İlk oyun bitib və bizim əsas oyunçularımızdan biri olan Orxan Aydın komandanın heyətinə qoşula bilməyib".
Bu sözləri Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi Sənan Əliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, o Türkiyə ikinci liqasında basketbol oynayır, sıx qrafikə görə gələ bilməyib:
"Orxan önəmli oyunçularımızdan biridir. Amil Həmzəyev oyunu yaxşı keçirdib. Demək olar ki, komandamızın ən yaxşı oyunçusu o idi. Oyun bir qədər yeni milliləşdirilmiş oyunçu Vesli Vanbekin istədiyi kimi getməyib, oyunun əvvəlində müəyyən ritmə düşməkdə çətinlik çəkib. Bir də rəqib çox güclü idi. Yuqoslaviya basketbol ənənələrini özündə daşıyan bir milli komandadır. Şimali Makedoniya və yeni milliləşdirilmiş oyunçularından Omari Mur onların əlaqələndirici oyunçusu olub. Yəni bir növ oyunu müəyyən dəqiqələrdə öz üzərinə götürüb".
Müsahibimizin sözlərinə görə, onların təcrübəli oyunçuları Stoyanovski və Voydan yaxşı oyun keçirdib, bu sayədə əlavə xalları atıb:
"Andrey Yakmovski İtaliyanın "Trento" klubunda oynayan basketbolçu da həmin gün forumda idi və yaxşı basketbol oynayıb. Çatışmazlıqlara gəldikdə isə, basketbolçularımızın bəziləri Azərbaycan Basketbol Liqasının oyunlarında o qədər də vaxt almırlar. Buna görə adaptasiya, uyğunlaşma prosesində müəyyən çətinliklər olub. Sonrakı oyunlarda basketbolçularımız sona qədər mübarizə aparacaq. Makedoniya ilə oyunda işlər istədiyimiz kimi getməyib. Ribaundlarda rəqibə məğlub olmuşuq. İkinci şans xallarında rəqib daha çox xal toplayıb. Amma Lüksemburqla oyuna hazırlıqlar davam edəcək. Sabah və birisigün oyuna tam hazır olacayıq. Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik".
Zəhra Möhübbətova
