“Başqaları nə deyər?” düşüncəsindən necə qurtulmaq olar?
Cəmiyyətin bir parçası olaraq sosial bağlara sahibik.Lakin bu aidiyyət duyğusu zamanla elə bir həddə çatır ki, fərdiliyimizi kölgədə qoyur və hər addımımızı başqalarının gözü ilə ölçüb-biçməyə məcbur qalırıq.
Mövzu ilə bağlı klinik psixoloq Gülşən Rüstəmova “İnformator.az”a açıqlamasında bildirib ki,biz cəmiyyətdə yaşadığımız üçün fərdiliyimizi və individuallığımızı hələ ki, dərk etmirik və qızıl ortanı tapmaq bir az proses alır:
“Çünki öyrəşdiyimiz və genetik olaraq kodlanan informasiyalar var ki, biz onları filtrləmədən qəbul edib zehnimizə yerləşdirərək övladlarımıza ötürürük.Biz “Başqaları nə deyər?” ifadəsinə o qədər aludə olmuşuq ki, uşağın hər bir hərəkətinə fikir verib küçədə, qonaqlıqda onun hər hansısa fəaliyyətini görəndə və ya eşidəndə “Sus, sənə baxırlar” və.s bu kimi ifadələr işlədirik. Bunu isə fərqinə varmadan edirik.Düşünürəm ki, valideynlərimiz də bunu bilmədiklərinə görə ediblər.Nəticə etibarilə biz başqalarının fikrindən çox asılıyıq”.
Psixoloq qeyd edir ki ,biz ictimaiyyətin bir üzvü olduğumuza görə onlarla uzlaşmalıyıq.Cəmiyyətə tam əks göstəricilərlə yola çıxmaq da doğru deyil:
“Çünki bir sıra çağırışlar, dırnaq arası psixoloqlar, ixtisas nümayəndələri insanlara “Azad ol, qanadlarını qaldır, yelkənlərini qaldır, uç, qaç, hər şeyin əleyhinə çıx”,-deyirlər. Amma bu da doğru deyil. Çünki sən başqasının sərhədinə daxil olacaqsansa, bu sənin azadlığın demək deyil. Bu artıq müdaxilə hesab olunacaq. Ona görə də,tövsiyə etdiyimiz budur ki, insanlar birinci özləri haqqında informasiya əldə etsinlər, resurslarını görsünlər. Ondan sonra bunu ifadə etməyin yollarını axtarsınlar.Əlbəttə, bu zaman alacaq”.
Gülşən Rüstəmova bildirib ki, “Başqaları nə deyər?” sindromu müasir bir vərdiş deyil,o, nəsildən-nəslə ötürülən, şüuraltımıza və genetik kodlarımıza qədər işləyən sosial bir proqramdır:
“Bu zənciri qırmaq istədikdə isə insanlar tez-tez iki səhv yoldan birini seçirlər: ya köhnə qorxuların təsirində qalaraq özlərini boğurlar, ya da "heç kəsi vecinə almıram" deyərək başqalarının şəxsi sərhədlərini pozan ifrat üsyana əl atırlar”.
Aynur Əhmədli