BDU, ADNSU və AzTU-ya tələbə qəbulu azala bilər
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, gələcək illərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinə tələbə qəbulu azaldıla bilər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Elçin Süleymanov bildirib ki,Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bu il bakalavr pilləsi üzrə qəbul faizini azaldıb:
"Bununla bağlı Rüfət müəllim bildirib ki, universitetin strategiyası belədir: bakalavr pilləsində tələbələrin sayını azaltmaq və əvəzində professor-müəllim heyəti ilə doktorantların sayını artırmaq. Bu yanaşma, əslində, təhsilin keyfiyyətini yüksəltmək məqsədilə atılan uğurlu bir addımdır. Məsələn, dünyanın aparıcı universitetlərinə- Harvard, MIT, Oksford və Kembric kimi ali təhsil ocaqlarına nəzər yetirdikdə görürük ki, bu universitetlər əsas diqqəti magistr və PhD səviyyələrinə yönəldirlər. Bakalavr pilləsində isə tələbə sayı az olur. Bunun əsas səbəbi ondan ibarətdir ki, bakalavr təhsili 4 il davam edir, halbuki magistr pilləsində hər il yeni məzunlar daxil ola bilir. Bu da universitetə daha çevik, daha savadlı və hazır tələbələrlə işləmə imkanı yaradır.
Qeyd etdiyim kimi, bu model əsasən qabaqcıl və dövlət universitetlərində tətbiq olunur. Məqsəd yalnız tələbə sayını azaltmaq deyil, həm də magistr və doktorantura pillələrinə marağı artırmaq, elmi-tədqiqat işlərini gücləndirmək və bu tədqiqatların kommersiyalaşdırılması vasitəsilə universitetə əlavə gəlir imkanları yaratmaqdır. Bu baxımdan düşünmürəm ki, yaxın illərdə qəbul planında ciddi dəyişiklik olsun. Sadəcə, model daha keyfiyyətli və az sayda tələbə ilə yüksək səviyyəli təhsil verməyə yönəlib.
Eyni zamanda bu universitetlərdən bəzilərinə gələcəkdə “tədqiqat universiteti” statusunun verilməsi mümkündür. Belə olan halda onlara tələbə başına düşən vəsaitlə yanaşı, əlavə tədqiqat vəsaiti də ayrıla bilər. Həmçinin bir tələbəyə ayrılan xidmət haqqı da artırıla bilər. Nəticədə bu yanaşma təhsilin keyfiyyətinin yüksəlməsinə və universitetlərin inkişafına xidmət edəcək".
Aişə Mustafayeva
