00:00:00
Yazar
Admin User
15.09.2023 14:34 603 3 dəq oxuma
Sosial

BDU Bilik gününü belə qeyd etdi

BDU Bilik gününü belə qeyd etdi

   Bu gündən ali məktəblərdə, eləcə də Bakı Dövlət Universitetində (BDU) 2023/2024-cü tədris ili başlayıb.

   Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Sonra hərbi orkestrin ifasında Dövlət himni səsləndirilib. BDU-nun rektoru Elçin Babayev professor-müəllim heyətini və tələbələri yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Eyni zamanda 2023-cü ilin bütün Azərbaycan xalqı üçün əlamətdar olduğunu da vurğulayıb.

   Milli Məclisin üzvləri – BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, BDU İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev də müəllim və tələbələri Bilik Günü münasibətilə təbrik edib, təhsil həyatlarında uğur arzu edib.

    Tədbir C.Naxçıvanski adına Hərbi Liseyin orkestrinin müşayiəti ilə marş sədaları altında başa çatıb. 

    Xatırladaq ki, yeni tədris ilində BDU-nun bakalavriat səviyyəsinə 5409 nəfər qəbul olunub. Onlardan 3843 nəfəri dövlət sifarişli, 1566 nəfəri ödənişli əsaslarla təhsil alacaq. Qəbul olananların 267 nəfəri 600-dən, 839 nəfəri 500-dən yuxarı bal toplayıb.

    İlk dərs günü münasibətilə BDU tələbələri öz hiss və həyəcanlarını İnformator.az-la bölüşüblər. 

    Məmmədova Nuranə Bakı Dövlət Universiteti, Jurnalistika I kurs:

   “Jurnalistika fakültəsinə qəbulum təsadüf deyildi. Uşaqlıqdan televiziya və radio həvəskarı olmuşam. 9-cu sinifdən başlayaraq, bütün diqqətimi bu ixtisasa doğru yönəltdim. Tək arzum bu fakültəyə qəbul olmaq oldu. Bu yolda addımladığım müddətcə, atam və anam mənim ən böyük dəstəkçim idi. Onlar olmasaydı, bəlkə də bu gün bu arzumu reallaşdıra da bilməzdim. Nəhayət, arzuma çatdım. Gələcək fəaliyyətimi də radio, diktor sahəsi üzrə davam etdirməyi düşünürəm".


İsmayılzadə Nuray Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin I kurs tələbəsi:
   “Abituriyent vaxtlarımdan tək hədəfim jurnalist olmaq idi. Qarşıma məqsəd qoydum və istəyimə də çatdım. Bu yolda ən böyük dəstəkçim isə anam və bacım oldu. İlk qəbul xəbərimi eşidəndə sevincimin həddi-hüdudu yox idi. Çünki o andan etibarən, illərdir arzusunda olduğum fakültənin tələbəsi olmağı bacardım. Gələcək fəaliyyətimi də televiziya sahəsi üzrə inkişaf etdirmək istəyirəm".

 

Babayeva Xədicə Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin I kurs tələbəsi:

   “Kiçik yaşlardan başlayaraq, bədii qiraət üzrə tədbirlərdə iştirak edirdim. Digər tərəfdən, anamın arzusu məni bu sahədə görmək idi. İxtisas seçimi ərəfəsində fakültəmi bala görə yox, öz arzu və istəyimə görə qərarlaşdırdım. Gələcəkdə özümü sosial media sahəsində təkmilləşdirməyi düşünürəm. Bu gün tələbə adını qazanmamın əsas səbəbkarlarından biri də anamdır. Bu yola onunla, onun mənə ötürdüyü xoş təəssüratlarla qədəm qoydum. Bakı Dövlət Universitetinə qəbul olmasaydım, bəlkə də xəyallarımı tam reallaşdıra bilməzdim. Amma istədiyim universitetin ürəyimdən keçən ixtisasına da qəbul oldum. Bu anam və mənim qalibiyyətimdir".

   Biz də öz növbəmizdəə bütün tələbə və şagirdlərimizi yeni tədris ilinin başlaması münasibətilə təbrik edir, onlara təhsillərində və şəxsi həyatlarında uğurlar arzulayırıq!

HƏCƏR ƏMİRASLANLI

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər