BDU-da Arifə Lətifova ilə görüş keçirildi
Bakı Dövlət Universitetinin "BDU könüllüləri"nin təşkilatçılığı ilə "Media Pulse" təcrübə proqramının növbəti qonağı, Bakı Dövlət Universiteti məzunu, CBC Sport telekanalının tanınmış siması, peşəkar idman jurnalisti və aparıcısı Arifə Lətifova oldu.
"İnformator.az" xəbər verir ki, görüş zamanı jurnalist idman mediasında qazandığı təcrübəni tələbələrlə bölüşərək gələcəkdə bu sahədə uğur qazanmaq istəyən gənclərə tövsiyyələr verdi.
Tədbirdə çıxın edən Arifə Lətifova idman jurnalistikasına uşaqlıqdan olan marağından, saatlarla idman yarışlarını izləməsindən bəhs etdi.
Onun sözlərinə görə, 2022-ci ildə ilk dəfə CBC Sport telekanalında işə təcrübəçi kimi başlayıb. 6 ay təmənnasız müxbir kimi işlədikdən sonra nəhayət 2023-cü ildə rəsmi müxbir, aparıcı kimi işləyib:
"İdman Jurnalistikasında kişilər çoxluq təşkil edir, ancaq bu o demək deyil ki, qadın jurnalistlər də bu sahədə böyük uğur qazana bilməzlər. Buna görə hər zaman məqsədinizin ardınca gedin. Mən dəfələrlə hazırda işlədiyim telekanala müraciət etmişəm, cavab almasam belə davam etmişəm ən sonunda isə istəyimə nail olmuşam".
Qonağın sözlərinə görə, idman jurnalistlikasını digər sahələrdən fərqləndirən əsas xüsusiyyət məhz onun dinamik və əyləncəli olmasıdır. Müxtəlif ölkələrdə keçirilən beynəlxalq yarışlarda, turnirlərdə iştirak edərək o mühiti yaxından görmək mümkündür. Sadəcə bu sahə maraq, hərəkətlilik və həvəs tələb edir:
"Bunlar varsa, siz uğurlu olacaqsız. Təbii ki, inkişaf etməkdən də heç vaxt bezməyin. Hər zaman nələrsə öyrənməyə, təcrübə toplamağa can atın. Edəcəyiniz səhvlər belə sizi ruhdan salmasın, daha da həvəsləndirsin".
Görüş interaktiv müzakirə formatında davam etdi. Tələbələr idman jurnalistikasının xüsusiyyətləri, bu sahədə karyera qurma imkanları və peşə fəaliyyətində qarşılaşdıqları çətinliklərlə bağlı suallar ünvanladılar.
Sonda Arifə Lətifova gənclərə idman jurnalistikasında uğurlu olmaq üçün daim çalışmalı, cəsarətli olmalı, peşəkarlıq üçün idmana olan sevgini qorumaq lazım olduğunu dedi.
Zəhra Möhöbbətova