BDU-da “Dilimizin güzgüsü: Media” adlı tədbir keçirildi
Bakı Dövlət Universitetində (BDU) “Dilimizin güzgüsü: Media” adlı tədbir keçirildi. Tədbir BDU Könüllüləri Təşkilatının təşəbbüsü ilə Jurnalistika və Filologiya fakültələrinin iştirakı ilə baş tutdu.
Tədbirdə Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müəllimi Pərvin Eyvazov çıxış etdi. O, Azərbaycan dilinin öyrənilməsi və istifadəsində lüğətlərin əhəmiyyətindən danışdı. Bildirdi ki, müasir akademik orfoepiya lüğətinin hazırlanmasına ehtiyac var. Dil normalarının öyrədilməsi zamanı qaydaların daha sadə və anlaşıqlı şəkildə təqdim olunması vacibdir. Onun sözlərinə görə, lüğətlərin hazırlanmasında peşəkar jurnalistlərin də iştirakı faydalı ola bilər:
“Dilçi nəzəriyyəni araşdırır. Amma danışmaq dilin enerjisidir. Bilmək istedad, bacarıq və intuisiyadır. Ona görə lüğətlərin tərtibində peşəkar jurnalistlər də iştirak etməli və ortaq məxrəcə gəlməlidirlər”.
Müəllim həmçinin bildirdi ki, mediada dilin qorunması yalnız orfoqrafik və orfoepik səhvlərlə məhdudlaşmamalıdır. Onun fikrincə, jurnalistlər yeni sözlər, ifadələr və anlayışların düzgün istifadəsinə, eləcə də xəbərlərin başlıqlarının məzmunla uyğunluğuna diqqət yetirməlidirlər.
Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova isə çıxışında mediada dilin düzgün istifadəsinin vacibliyindən danışdı. O, bəzi xəbər başlıqlarında sözlərin məna və kontekstə uyğun seçilmədiyini bildirdi. Jurnalist yalnız dil qaydalarını bilməklə kifayətlənməməli, həm də dili duymağı və sözlərin yerində istifadəsini bacarmalıdır:

“Dili duymalısınız, hiss etməlisiniz. Azərbaycan dilində özünü doğru ifadə edə bilməyənin səhvi Azərbaycan dilinin günahı deyil. Jurnalistlərin nitqində orfoepik, leksik, qrammatik və fonetik səhvlərə də diqqət çəkdi. O bildirdi ki, mediada yol verilən səhvlər geniş auditoriyaya çatdığı üçün zamanla norma kimi qəbul edilə bilər”.
Xatirə Hüseynova jurnalistlərin efirdə ədəbi dil normalarına əməl etməsinin vacibliyini vurğuladı:
“Əgər jurnalist olaraq efirə çıxırsınızsa, ictimai-siyasi xəbər təqdim edirsinizsə, analitik proqram aparırsınızsa, ədəbi dildə danışmağı qarşınıza məqsəd qoyun. Vurğuların düzgün qoyulması, sözlərin tələffüzü, leksik və qrammatik normalara əməl olunması məsələlərindən danışdı. Bildirdi ki, jurnalistlər yazdıqları cümlələri ucadan oxuyaraq onların dil baxımından düzgünlüyünü yoxlaya bilərlər. Dil qüsurlarının aradan qaldırılması üçün mütaliənin vacib olduğunu qeyd etdi. Onun sözlərinə görə, jurnalistlərin söz ehtiyatının zəngin olması onların nitqinə və peşə fəaliyyətinə birbaşa təsir göstərir”.
Görüş sual-cavab formatında davam etdi və tələbələrin böyük marağı ilə qarşılanıb, sonda xatirə şəkli çəkildi.
Mələk Hüseynova