BDU-da idman jurnalisti Gündüz Abbaszadə ilə görüş keçirildi
Bakı Dövlət Universitetində “BDU könüllüləri”nin təşkilatçılığı ilə tanınmış idman jurnalisti Gündüz Abbaszadə ilə görüş keçirildi.
"İnformator.az" xəbər verir ki, görüş zamanı jurnalist idman mediasında qazandığı təcrübəni tələbələrlə bölüşərək bu sahədə çalışmaq istəyən gənclərə dəyərli tövsiyələr verib.
Tədbirdə çıxış edən Gündüz Abbaszadə idman jurnalistikasının digər jurnalistika sahələri ilə müqayisədə daha dinamik və çevik fəaliyyət tələb etdiyini vurğuladı.
Onun sözlərinə görə, idman mediası jurnalistlərə dünyanın müxtəlif ölkələrində keçirilən yarışları izləmək, fərqli idman mühitləri ilə tanış olmaq imkanı yaradır:
“Bu sahə mənə müxtəlif ölkələrdə keçirilən idman yarışlarını izləmək və fərqli idman mühitlərini yaxından tanımaq imkanı verdi. İndiyədək onlarla ölkədə olmuşam. Avropa ölkələrində idman yayımı daha peşəkar səviyyədə təşkil olunur. Bununla belə, Azərbaycanda da idman jurnalistikasının inkişafı üçün kifayət qədər böyük potensial mövcuddur”, - deyə o qeyd etdi.
Görüş zamanı jurnalistika təhsilinin müasir dövrün tələblərinə uyğun şəkildə yenilənməsinin vacibliyinə də toxunuldu.
Gündüz Abbaszadə bildirdi ki, jurnalistika daim dəyişən və inkişaf edən sahədir və buna görə də tədris proqramları müasir medianın tələblərinə uyğunlaşdırılmalıdır:
“Bu gün jurnalistlər texnologiyanın və yeni media platformalarının imkanlarından daha geniş istifadə etməlidirlər. Gənc jurnalistlər daim yeni bilik və bacarıqlar qazanmalı, müasir texnologiyaları mənimsəyərək özlərini inkişaf etdirməlidirlər”, - deyə o əlavə edib.
Görüş interaktiv müzakirə formatında davam etdi. Tələbələr idman jurnalistikasının xüsusiyyətləri, bu sahədə karyera qurma imkanları və peşə fəaliyyətində qarşılaşdıqları çətinliklərlə bağlı suallar ünvanladılar.
Sonda Gündüz Abbaszadə gənclərə idman jurnalistikasında uğur qazanmaq üçün daim çalışmaq, peşəkarlığı artırmaq və idmana olan sevgini qorumağın vacib olduğunu vurğuladı.
Mələk Hüseynova