BDU-da Jalə Həsənli ilə görüş keçirildi
Bakı Dövlət Universitetində BDU könüllülərinin təşkilatçılığı ilə “Media Pulse” təcrübə proqramı çərçivəsində növbəti görüş keçirilib. Tədbirin qonağı tanınmış jurnalist və televiziya aparıcısı Jalə Həsənli olub.
“İnformator.az” xəbər verir ki, görüş zamanı Jalə Həsənli televiziya sahəsində qazandığı təcrübəni tələbələrlə bölüşüb, jurnalistikada uğur qazanmaq istəyən gənclərə tövsiyələr verib. O, televiziya jurnalistikasında xəbərçilik, aparıcılıq və analitik düşüncə bacarıqlarının yüksək səviyyədə mənimsənilməsinin vacibliyini vurğulayıb.
Spiker çıxışında səs tonu, düzgün diksiya və duruşun jurnalist üçün mühüm amillərdən olduğunu bildirib. Qeyd olunub ki, jurnalistikanın nəzəri bilikləri əhəmiyyətli olsa da, televiziya sahəsində əsas üstünlük praktik təcrübə ilə qazanılır. Bu səbəbdən gənclərin real media mühitində özlərini sınamalarının vacibliyi diqqətə çatdırılıb.
Jalə Həsənli söz ehtiyatının artırılması üçün mütaliənin, xüsusilə qəzet və kitabların səsli şəkildə oxunmasının əhəmiyyətini vurğulayıb. O, həmçinin jurnalistin analitik düşünmə qabiliyyətinə malik olmasının, siyasi və ictimai prosesləri daim izləməsinin vacib olduğunu qeyd edib.
Görüş zamanı jurnalistikanın çətin və məsuliyyətli peşə olduğu bildirilib. Qeyd olunub ki, bu sahə standart iş rejimi ilə məhdudlaşmır və jurnalist daim öz üzərində işləməlidir. Spiker peşə etikası məsələlərinə də toxunaraq, jurnalistin şayiələrə deyil, rəsmi və ilkin mənbələrə əsaslanmalı olduğunu vurğulayıb.
Tədbirdə Jalə Həsənli öz karyera yolundan da danışıb. O bildirib ki, jurnalistikaya tələbəlik illərində başlayıb və daha sonra ATV Azərbaycan kanalında keçirilən müsabiqə vasitəsilə televiziya sahəsinə gəlib.
Çıxışının sonunda spiker gənclərə cəsarətli olmağı, öz fikirlərini ifadə etməkdən çəkinməməyi və daim inkişaf etməyi tövsiyə edib.
Görüş tələbələrin suallarının cavablandırılması ilə davam edib və sonda xatirə şəkli çəkdirilib.
Mələk Hüseynova