00:00:00
Yazar
Elmira Ağayeva
24.06.2026 20:14 24 4 dəq oxuma
Media

BDU-da jurnalistika üzrə 3 yeni magistr ixtisaslaşması açılır

BDU-da jurnalistika üzrə 3 yeni magistr ixtisaslaşması açılır

 

2026/2027-ci tədris ilində Bakı Dövlət Universitetində əmək bazarının tələblərinə uyğun olaraq magistratura səviyyəsində 42 yeni ixtisaslaşma fəaliyyətə başlayacaq. Yeni ixtisaslaşmalar sırasında Jurnalistika fakültəsi üzrə də yeniliklər yer alır. Belə ki, “Jurnalistika” ixtisası üzrə “İqtisadi jurnalistika”, “Onlayn və multimedia jurnalistikası” və “İctimaiyyətlə əlaqələr” adlı 3 yeni ixtisaslaşma açılacaq. Bu addım media sahəsində ixtisaslaşmış və müasir bacarıqlara malik kadrların hazırlanmasına xidmət edəcək.

 

Mövzu ilə bağlı Jurnalistika fakultəsinin    kafedra müdiri Xatirə Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, bu yenilikləri jurnalistika təhsilinin müasir çağırışlara uyğunlaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirmək olar:

 

“Bu gün media sahəsi sürətlə dəyişir və ənənəvi jurnalistika ilə yanaşı iqtisadi prosesləri təhlil edə bilən, rəqəmsal platformalarda işləməyi bacaran, multimedia məhsulları hazırlayan və ictimaiyyətlə əlaqələr sahəsində peşəkar fəaliyyət göstərə bilən mütəxəssislərə ehtiyac artır. Yeni ixtisaslaşmalar məhz bu tələbatı nəzərə alır. “İqtisadi jurnalistika” ixtisaslaşması tələbələrə iqtisadi prosesləri, bazar münasibətlərini, maliyyə siyasətini və biznes mühitini peşəkar şəkildə işıqlandırmaq bacarıqları qazandıracaq. “Onlayn və multimedia jurnalistikası” rəqəmsal media mühitində fəaliyyət göstərən jurnalistlərin hazırlanmasına xidmət edəcək. “İctimaiyyətlə əlaqələr” istiqaməti isə kommunikasiya menecmenti, korporativ kommunikasiya və reputasiya idarəçiliyi sahəsində peşəkar kadrların yetişdirilməsinə imkan yaradacaq. Bütün bunlar fakültənin tədris proqramlarının zənginləşməsinə, əmək bazarı ilə əlaqələrinin güclənməsinə və məzunların rəqabət qabiliyyətinin artmasına töhfə verəcək. Eyni zamanda, bu ixtisaslaşmalar jurnalistika təhsilinin nəzəri biliklərlə yanaşı praktik bacarıqlar üzərində qurulmasına da yeni imkanlar açacaq”.

 

Xatirə xanımın sözlərinə görə, müasir dövrdə jurnalistika məzunlarının fəaliyyət göstərə biləcəyi sahələr yalnız ənənəvi redaksiyalarla məhdudlaşmır:

 

“Rəqəmsal media platformalarının, korporativ kommunikasiya strukturlarının, dövlət və özəl qurumların mətbuat xidmətlərinin sürətli inkişafı yeni peşə istiqamətləri formalaşdırıb. Yeni ixtisaslaşmalar tələbələrə məhz bu geniş əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmaq imkanı verəcək. Məsələn, “İqtisadi jurnalistika” üzrə təhsil alan məzunlar iqtisadi media qurumlarında, biznes nəşrlərində, analitik mərkəzlərdə və maliyyə institutlarının kommunikasiya bölmələrində çalışa bilərlər. “Onlayn və multimedia jurnalistikası” istiqamətini seçənlər rəqəmsal media, xəbər portalları, sosial media platformaları, podkast və video istehsalı sahələrində fəaliyyət göstərə bilərlər. “İctimaiyyətlə əlaqələr” ixtisaslaşmasının məzunları isə dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, özəl şirkətlərdə və kommunikasiya agentliklərində uğurlu karyera qura bilərlər. Ən vacib məqamlardan biri odur ki, bu ixtisaslaşmalar tələbələrə daha erkən mərhələdə öz maraq və bacarıqlarına uyğun peşə istiqaməti seçmək imkanı yaradır. Nəticədə məzunlar əmək bazarına daha hazırlıqlı çıxacaq, işəgötürənlərin gözləntilərinə daha yaxşı cavab verə biləcək və peşəkar inkişaf üçün daha geniş imkanlar əldə edəcəklər. Bu baxımdan yeni ixtisaslaşmalar həm tələbələrin fərdi karyera perspektivləri, həm də ölkədə media sektorunun inkişafı üçün mühüm əhəmiyyət daşıyır”.

 


Mövzu ilə bağlı təhsil eksperti Aidə Əliyeva bildirib ki, BDU-da “İqtisadi jurnalistika”, “Onlayn və multimedia jurnalistikası” və “İctimaiyyətlə əlaqələr” ixtisaslaşmalarının açılması media bazarındakı dəyişikliklərə uyğun bir addım kimi qiymətləndirilə bilər:

 

“Media sənayesində texnologiyanın sürətli inkişafı yeni ixtisaslaşma ehtiyacları yaradır. Yaxın illərdə bir sıra istiqamətlərin daha çox aktuallaşacağı gözlənilir. Bunlara data jurnalistikası,süni intellekt və media,araşdırma jurnalistikası,rəqəmsal media menecmenti və sair qeyd etmək olar.
Qeyd olunan istiqamətlər qlobal media bazarında sürətlə inkişaf edən sahələr hesab olunur. Müasir jurnalistika təhsilinin effektivliyi nəzəriyyə ilə yanaşı praktik hazırlıqdan asılıdır. Əgər proqramlar əmək bazarının tələblərinə uyğun hazırlanırsa, bir sıra vacib komponentlərin yer alması önəmlidir. Bu kompanentlərə isə media qurumlarında istehsalat təcrübələri,xəbər portalları, televiziya ilə əməkdaşlıq,multimedia materiallarının hazırlanması,podkast, video reportaj və sosial media layihələri aid etmək olar.
Xüsusilə, “Onlayn və multimedia jurnalistikası” və “İctimaiyyətlə əlaqələr” istiqamətləri praktik məşğələlər olmadan tam səmərə verə bilməz. Buna görə də proqramların tətbiqi hissəsinin geniş olması gözlənilir. Düzgün qurulmuş tədris proqramları və praktik hazırlıq olduğu halda bu ixtisaslaşmalar məzunların rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıra bilər. Məsələn iqtisadi jurnalistika məzunları iqtisadi media, analitik mərkəzlər, banklar və biznes nəşrlərində çalışa bilərlər. Onlayn və multimedia jurnalistikası üzrə təhsil alanlar rəqəmsal media platformaları, xəbər saytları, kontent istehsalı və sosial media sahəsində üstünlük qazana bilərlər. İctimaiyyətlə əlaqələr ixtisaslaşması isə dövlət qurumları, şirkətlər, QHT-lər və kommunikasiya agentliklərində geniş karyera imkanları yaradır. Bu gün media bazarında işəgötürənlər yalnız klassik jurnalistika bilikləri deyil, həm də rəqəmsal texnologiyalar, məlumat analizi, kontent istehsalı və kommunikasiya bacarıqları tələb edirlər. Yeni ixtisaslaşmalar məhz bu tələblərə cavab verərsə, məzunların həm yerli, həm də beynəlxalq əmək bazarında üstünlük əldə etməsinə kömək edə bilər”.

 

Mələk Hüseynova

#Jurnalistika #ixtisaslar #media
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər