BDU-DA “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılışı keçirildi
Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunan "Professor Nəsir İmanquliyev dərsləri" layihəsinin açılış mərasimi keçirildi.
Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildirib ki, Nəsir İmanquliyev Azərbaycanda peşəkar jurnalistlər nəslinin müəllimi, ötən əsrin ikinci yarısı üçün Azərbaycan mətbuatında xüsusi tipoloji xarakter daşımış “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və redaktorudur:
“Azərbaycanda yeni dönəm jurnalistikasında tətbiq olunan müasir xəbər tipləri Nəsir İmanquliyev imzası ilə bağlıdır. Tale elə gətirib ki, mən həm Nəsir müəllimi bu məktəbin yaradıcısı kimi, həm də ciddi bir nəzəriyyəçi kimi izləyə bilmişəm. Bu mənada mən Nəsir İmanquliyevin həm praktik jurnalist kimi, həm də alim kimi yaradıcılığından danışmağa haqqı olanlardan biriyəm. Nəsir müəllim nə az, nə çox, düz 51 il bu fakültədə Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında çalışıb. Bu gün Yeni media və kommunikasiya nəzəriyyəsi adlanan həmin kafedranın qapısı önündəki dəhliz divarında yaradıcı jurnalist simasının barelyefi var. Gələcəyin jurnalistləri-tələbələr bugünkü müəllimlərinin xatirələrindən və qoyub getdiyi əsərlərindən tanıdıqları bu insanın barelyefi önündən keçəndə onu böyük ehtiramla yad edirlər. İndi isə böyük müəllimimizin xatirəsinə həsr olunan “Professor Nəsir İmanquliyev dərsləri”ndə onun məktəbinin məzunları Nəsir müəllimlə təəssüratların davamı kimi yeni yolun başlanğıcını qoyur”.
BDU, Yeni Media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmov çıxışında bu layihəni yüksək qiymətləndirdi. O bildirdi ki, Nəsir müəllim mətbuatın klassikidir:

"Nəsir müəllim hər zaman yaxşı tələbələrə dəstək olub. O, fakültədə tələbə ilə müəllim arasında yaxşı münasibətin təməlini qoyan pedaqoq olub. Hər zaman tələbələrlə maraqlanardı. Xüsusən, maddi durumu yaxşı olmayan tələbələrə şərait yaradırdı ki, yazı yazıb kirayələrini verə bilsinlər".
BDU, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli də həmkarlarının fikrinə qoşularaq bildirdi ki, Nəsir müəllim hamımız üçün əzizdir, o, ilk növbədə şəxsiyyət nümunəsi idi:

"Jurnalist səlahiyyətini, statusunu Nəsir müəllimdən görmüşəm. Qədir bilmək incə məsələdir. Biz bütün müəllimlərimizə dəyər verməliyik. Nəsir müəllim üçün dürüstlük, mənəviyyat əsas prinsip idi. Onun redaktoru olduğu "Bakı" qəzetində materiallar çıxan gün növbə olurdu. Orada çıxan felyetonlar qəzetin, jurnalistikanın, mətbuatın nüfuzunu artırırdı. "Bakı" qəzeti ideologiyaların içində olsa belə, həmin dövrdəki vəziyyəti tənqid edərək cəmiyyətə mesaj verirdi. Unutmamalıyıq ki, qərəzsiz tənqidlərin hesabına bu cəmiyyəti inkişaf etdirmək mümkündür. Nəsir müəllim bunun ən yaxşı nümunəsi idi. Nəsir müəllim kadr seçimini çox yaxşı edirdi, həm də o, tələbələrlə münasibətində xüsusi cizgi, sərhəd qoyurdu ki, bu da pedaqoji ustalıq idi. Türkiyədə onunla bağlı çox material nəşr edilib. Bizim də borcumuzdur ki, hər zaman Nəsir müəllimi xatırlayaq, çünki dəyərin üstündə dayanmaq dəyərləri davam etdirməkdədir".
BDU, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova bildirdi ki, onların keçdiyi dönəm ağır dövr idi:

"Ancaq biz çox xoşbəxt nəsil olduq ki, bu cür müəllimlərdən dərs aldıq. Nəsir müəllim bizə baba nəvazişi ilə yanaşırdı. Mövzuları elə gözəl başa salırdı ki, terminologiyadan, çətin üslubdan uzaq idi. Həmçinin mən çox qürur duyuram ki, Nəsir müəllimin 51 il işlədiyi kafedranın rəhbərliyində təmsil olunuram".
BDU Jurnalistika fakültəsinin dekanı, professor Vüqar Əliyev bildirdi ki, bu layihənin hər bir görüşü yadda qalacaq:

"Çünki bu layihə həsr olunan Nəsir müəllim əsl müəllim etalonu, milli kişi, milli ziyalı obrazı idi. Həmçinin Nəsir müəllim üçün Güney Azərbaycan mövzusu da çox vacib, maraqlı idi".
BDU, Milli mətbuat tarixi kafedrasının dosenti, əməkdar jurnalist Qərənfil Dünyaminqızı bildirdi ki, Nəsir müəllim tələbələrinə jurnalistika ilə yanaşı, haqq və ədalət anlayışlarını, yaxşı insan olmağı öyrədib.

Sonda Nəsir İmanquliyevə həsr olunan qısametrajlı film nümayiş edildi. Qeyd edək ki, Azərbaycan jurnalistika tarixində mühüm iz qoyan professor Nəsir İmanquliyevin zəngin elmi-pedaqoji irsinin sistemli şəkildə öyrənilməsi, təhlili və gənc jurnalistlər arasında təbliği məqsədilə keçirilən layihə aprel və may aylarında həftədə bir dəfə olmaqla təşkil ediləcək. Yekunda layihə iştirakçılarının professor Nəsir İmanquliyevlə bağlı mediada dərc olunan yazıları üzrə “Professor Nəsir İmanquliyev dərsləri - yazı müsabiqəsi” keçiriləcək və qaliblər təltif ediləcək.

Nigar Həsənzadə