BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti tədbiri keçirildi
Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunan "Professor Nəsir İmanquliyev dərsləri" layihəsinin ikinci qonağı Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini, əməkdar jurnalist Dağbəyi İsmayılov oldu.
Onun sözlərinə görə, Nəsir İmanquliyevin xarakterində alim, müəllim və jurnalist keyfiyyətləri birləşirdi:

“ O, həm universitetdə professor kimi mühazirə oxuyurdu, həm də redaksiyada peşəkar bir redaktor kimi fəaliyyət göstərirdi. Eyni zamanda 10 çağırış Bakı şəhər sovetinin deputatı olub və müxtəlif ictimai vəzifələrdə çalışıb. Redaksiyada hər səhər beş dəqiqəlik iclaslar keçirərək müxbirlərə konkret tapşırıqlar verirdi. Nəsir müəllim jurnalist məsuliyyətini ön plana çəkir, hər cümlənin oxucu qarşısında cavabdehlik daşıdığını öyrədirdi. Gənc kadrlar müxtəlif şöbələrdə sınaqdan keçirilir, bacarıqlarına uyğun istiqamətə yönləndirilirdi. O, yetişdirdiyi kadrları qoruyur, onların həm peşəkar, həm də şəxsi problemlərinə biganə qalmırdı. Onun redaktorluğu dövründə “Bakı” qəzeti Azərbaycan və rus dillərində nəşr olunur, iri sənaye layihələri, su kəmərləri və neftayırma zavodları ilə bağlı müntəzəm materiallar, xüsusi əlavələr çap edilirdi”.
Tədbirdə jurnalistin taleyində savadlı və ədalətli rəhbərin həlledici rol oynaması vurğulandı.
Sonda qonaq professorun həyat və yaradıcılığına dair sualları cavablandırdı.
Mələk Hüseynova