BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti tədbiri keçirildi
Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunan "Professor Nəsir İmanquliyev dərsləri" layihəsinin növbəti tədbiri keçirildi və dördüncü dərsin qonağı yazıçı, publisist, jurnalist İlqar Rəsul “Müasir mediada redaktə işi” mövzusunda danışdı.
Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tədbirin açılışını etdi.

İlqar Rəsul belə bir layihənin təşkilindən məmnunluğunu ifadə edərək, Nəsir İmanquliyevlə bağlı xatirələrini bölüşdü:
“Allah rəhmət eləsin nə yaxşı ki bu fakültədən Nəsir müəllim keçib. Nəsir müəllim bu fakültə üçün böyük bir jurnalistika məktəbi qoyub getdi. Sizə tövsiyə edirəm ki, belə ziyalılarımızın həyat yolunu, avtobioqrafiyasını dərindən öyrənəsiniz”.
Jurnalistika təhsilinin önəminə toxunan qonaq, peşəkar mühitin rolunu xüsusi qeyd etdi:
“Sizə bir düstur verəcəm. Tez-tez mübahisə edirlər ki, qeyri-ixtisas sahibləri jurnalistikanı bitirənlərdən daha yaxşı fəaliyyət göstərir. Amma bir şeyi unudurlar. Bu ikisi arasında fərq odur ki, qeyri-ixtisaa başqa mühitdə təhsil alır. Jurnalist isə məhz bu mühitdə, fakültə daxilində cilalanır. Öz fakültənizə güvənin. Bizə öyrədirdilər ki, “Söz müqəddəsdir” mən isə belə düşünürəm ki, sözü biz yaradırıq və onu müqəddəs edən də bizik”.
Redaktə işinin incəliklərindən bəhs edən publisist, müasir dövrün tələblərindən danışdı:
“Redaktor müxbirdən daha çox məlumata sahib olmalıdır. Bizim dövrümüzdə informasiya bu qədər əlçatan deyildi. İndi süni intellektin köməyi ilə redaktə işini asanlaşdırmaq olar, lakin bu əlçatanlıq həm də böyük məsuliyyət gətirir. Hər bir informasiyanı dəqiqləşdirmək şərtdir”.
Televiziya təcrübəsindən misallar gətirən İlqar Rəsul, etik normaların qorunmasının vacibliyini real hadisələrlə izah etdi:
Televiziyaların birində redaktor işlədiyim vaxt bir dilənçi qadın haqqında reportaj hazırlanmışdı. Qadın müsahibəsində peşmanlığını dilə gətirərək, “Vaxtında oxumadım, indi bu vəziyyətə düşmüşəm”deyirdi. Eyni zamanda reportajı hazırlayan müxbirə demişdi ki, onun üzünü göstərməsinlər, çünki qızı məktəbdə oxuyur sinif yoldaşları və.s bunu görə bilər. Materiala baxanda görürəm ki, qızın üzünü göstərirlər. Deyirəm ki: “Qızın üzünü niyə göstərirsiniz?” Cavab verir ki: “Anası dedi ki, mənim üzümü göstərməyin”. Bunu hazırlayan adam yetkin adamdır, bu, elementar bir şeydir. Daha sonra hər ikisinin üzünü bağladıq. Yəni demək istəyirəm ki, belə insanlarla da qarşılaşacaqsınız. Müəllimlərinizin dərsindən əlavə, təcrübə mütləq lazımdır. Əsas məsələ odur ki, siz düşdüyünüz situasiyalardan nəticə çıxarasınız. Sizin düşdüyünüz situasiyalar sizə təcrübə qazandıracaqdır”.
“Jurnalistikanın əsas şərti fakta xidmət etməkdir. Bəzi məqamlar olur ki, insan tərəddüd edir ki, görəsən, mən fakta xidmət edirəm, ya yox? Gün gəlir sən obyektivliyi pozmalı olursan. Mən yalnız bir halda bunu etmişəm , əgər faktın açıqlanması mənim dövlətimə ziyan vuracaqsa”.
İnteraktiv formatda keçən görüş tələbələrin suallarının cavablandırılması ilə yekunlaşdı. Sonda qonaqla xatirə şəkli çəkildi.
Zəri Bayramlı