BDU-da qazilərlə görüş
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Vətən müharibəsi qazilərinin göstərdikləri igidlik və şücaəti gənclərə tanıtmaq məqsədilə silsilə tədbirlər həyata keçirilir.
Jurnalistika fakültəsinin təşkilatçılığı ilə İkinci Qarabağ müharibəsinin veteran zabiti, eyni zamanda fakültəmizin məzunu - Rəşad Baxşəliyev və fakültənin I kurs (qiyabi) tələbəsi Osman Hüseynli ilə tələbələrin əyani görüşü keçirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru, Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev fakültənin döyüşlərdə igidlik göstərən, müxtəlif medallara layiq görülən məzunlarını və informasiya cəbhəsində vuruşan jurnalistləri iştirakçılara təqdim edib.
Fakültənin Elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva Vətən müharibəsində şücaət göstərən jurnalist həmkarlarımızın əvəzolunmaz rolunu diqqətə çatdırıb.
Müharibə iştirakçısı olan məzun- “Azərbaycan” qəzetinin şöbə redaktoru, baş leytenant Rəşad Baxşəliyev, fakültənin I kurs tələbəsi, II Qarabağ və 19-20 sentyabr antiterror əməliyyatlarının iştirakçısı- Osman Hüseynli döyüş xatirələrini bölüşüblər. Qazilər, Azərbaycan gənclərini hər zaman istər ön cəbhədə, istərsə də informasiya cəbhəsində sayıq olmağa çağırıblar.
Fakültənin dekanı Vüqar Əliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun apardığı müharibənin uğurlu nəticələrindən və Bakı Dövlət Universitetində keçirilən Vətən müharibəsi iştirakçısı qazilərlə və şəhid ailələri ilə görüşlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki əhəmiyyətindən danışıb.
Səmimi, interaktiv mühitdə keçən görüşdə qonaqlar həm döyüş meydanında, həm də informasiya müharibəsində qələbə qazandığımızı qürurla qeyd edib, tələbələrin çoxsaylı suallarını cavablandırıblar.
Həcər Əmiraslanlı
.png)
