00:00:00
Yazar
Aysel Mirzəyeva
22.04.2026 16:48 102 2 dəq oxuma
Media

BDU-da Rauf Şirinovla görüş keçirildi

BDU-da Rauf Şirinovla görüş keçirildi

BDU könüllülərinin təşkilatçılığı ilə “Media Pulse” təcrübə proqramının növbəti qonağı, Bakı Dövlət Universiteti məzunu, tanınmış radio və televiziya aparıcısı Rauf Şirinov oldu.

 

“İnformator.az” xəbər verir ki, görüş zamanı jurnalist radio və televiziyada qazandığı təcrübəni tələbələrlə bölüşərək, gələcəkdə bu sahədə uğur qazanmaq istəyən gənclərə tövsiyələr verdi.

İnformator

O bildirdi ki, jurnalistika fakültəsinə daxil olan tələbələr artıq bu sahənin peşəkarları ilə həmkar kimi formalaşmağa başlayırlar və auditoriya qarşısında çıxış böyük məsuliyyət tələb edir.

 

Aparıcı tələbəlik illərindən etibarən İctimai Televiziyada könüllü fəaliyyət göstərdiyini, teatr, kino və reportaj hazırlığı sahəsində ilk təcrübələrini məhz bu dövrdə qazandığını qeyd etdi. Jurnalistikanın çoxşaxəli peşə olduğunu vurğulayaraq, bu sahənin insana eyni anda aparıcı, köşə yazarı və bloqer kimi fəaliyyət göstərmək imkanı verdiyini vurğuladı.

 

Onun sözlərinə görə, insan şansını özü yaratmalıdır:

 

“Mən həmişə deyirəm ki, baxın, arzulamaq çox sadədir, çox rahatdır, amma arzunun yanında hədəfin də olmalıdır. Çünki arzu bizi yola çıxarırsa, hədəf o yolda bizi addımladır. Hədəf insanı narahat edir, insanı yorub səhvlər elətdirir, amma ondan bir təcrübə çıxardır. Yəni həm insan arzulamalı, həm də hədəfə doğru addımlamalıdır”.

 

Görüşdə səhnə aparıcılığının incəliklərinə də toxunuldu. Aparıcı səhnə həyəcanının aradan qaldırılması, böhran vəziyyətlərinin idarə olunması və peşəkar reputasiyanın qorunması ilə bağlı praktiki məsləhətlər verdi. Əsas üstünlüklərindən biri kimi geniş dünyagörüşünə və güclü araşdırma bacarığına malik olmağın vacibliyi qeyd edildi.

 

Qonağın sözlərinə görə, jurnalistikanın özəlliyi sual vermə bacarığıdır:

 

“Diktor olmaq asandır. Yaxşı diksiyan varsa, verilən mətni oxuyursan. Amma jurnalist mövzunu əhatə etməyi və doğru sualla lazımi məlumatı almağı bacarmalıdır. İncəsənət sahəsindən gələn aparıcılar çox vaxt bu məqamda axsayırlar”.

 

Görüş interaktiv müzakirə formatında keçdi, tələbələrin sualları cavablandırıldı və sonda xatirə fotosu çəkildi.

Mələk Hüseynova

#Mediaplus #jurnalist #BDU
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər