BDU-da tələbələr psixologiyanın dərinliklərini araşdırıblar
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tələbələrin özünü tanıması və insan psixologiyasını daha dərindən anlaması mövzusunda təlim keçirilib.
Təlim Jurnalistika fakültəsinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə olub. Sosial-pedaqoji psixologiya kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçısı Çinarə Bayramova iştirakçılarla psixologiyanın müxtəlif aspektləri barədə fikirlərini bölüşüb.
Görüşdə insanın davranışlarını müəyyənləşdirən amillər, fərdi xüsusiyyətlərin dərk edilməsi və ətrafdakılarla münasibətlərin psixoloji tərəfləri müzakirə olunub. Tələbələrin fərdi keyfiyyətlərini və mənəvi-psixoloji vəziyyətlərini qiymətləndirmək məqsədilə keçirilən testlər isə iştirakçılara özləri haqqında yeni məqamları kəşf etmək imkanı yaradıb.
İnteraktiv müzakirələrlə davam edən təlim tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.
