BDU-da Zəfər Günü təntənəli şəkildə qeyd olunub
Bakı Dövlət Universitetində (BDU) 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.
İnformator.az xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, 2020-ci il sentyabrın 27-də mənfur erməni qəsbkarlarının növbəti hərbi təcavüzünə cavab olaraq Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə başlayan əks-hücum əməliyyatları 30 ildir yağı tapdağında olan ərazilərimizin azadlığı uğrunda ölüm-dirim savaşına çevrildi.
Rektor vurğulayıb ki, bu müddət ərzində Azərbaycan Respublikasının Prezidenti diplomatiya cəbhəsində də mübarizə apardı, ölkəmizə olan təzyiqlərə, təsirlərə qarşı özünün siyasi iradəsini, əzmkarlığını nümayiş etdirdi.
Elçin Babayev xatırladıb ki, BDU kollektivi Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə fədakarlıq göstərib. Universitetin 22 məzun və tələbəsi şəhidlik zirvəsinə ucalıb.
Daha sonra Milli Məclisin üzvü, BDU-nun İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev Zəfər Gününün şərəf, namus, qeyrət bayramı olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, bu qələbə Müzəffər Ali Baş Komandanın qətiyyəti, Ordumuzun əziyyəti və şəhadəti şərəf sayan xalqımızın vəhdəti ilə qazanılıb. Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun rektoru, general-mayor Arif Həsənov Vətən müharibəsinin dünya hərb tarixinə gətirdiyi yeniliklərlə də yaddaşlara yazıldığını vurğulayıb.
General-mayor Arif Həsənov Vətən müharibəsində qazanılan qələbədə BDU-nun xüsusi xidmətlərinin olduğunu xatırladıb. Qeyd edib ki, Azərbaycan ordusunun sıralarında BDU məzunlarının sayı çoxdur. Onların arasında hətta general rütbəsinə qədər ali hərbi rütbəlilər var. O, BDU-nun vətənpərvərlik ruhunun qaldırılması sahəsində fəaliyyətinin də öz bəhrəsini verdiyini deyib.
Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun ümumi işlər üzrə prorektoru, polkovnik, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov, BDU-nun Politologiya və sosiologiya kafedrasının dosenti Mehman Həsənov, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Vətən müharibəsi qəhrəmanı Ramiz Cəfərovun övladı, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi Rəbiqə Salayeva, Geologiya fakültəsinin II kurs tələbəsi, Vətən Müharibəsi qəhrəmanı Musa Abbasov çıxışlarında Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sarsılmaz birliyi və əsgərlərimizin qəhrəmanlığı sayəsində əldə etdiyimiz Zəfərə gedən yoldan, əsgərlərimizin şücaətindən, Azərbaycan dövlətinin şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğısından qürurla bəhs ediblər.
Tədbir BDU-nun Mədəniyyət Yaradıcılıq Mərkəzinin hazırladığı ədəbi-bədii proqramla davam edib.
Həcər Əmiraslanlı
.png)
