00:00:00
Yazar
Elmira Ağayeva
30.10.2026 23:11 37 3 dəq oxuma
Gündəm

BDU ilə Özbəkistan universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

BDU ilə Özbəkistan universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

 

Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistanın Namangan Dövlət Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb. Sənədi BDU-nun rektoru Elçin Babayev və Namangan Dövlət Texniki Universitetinin rektoru Oybek Ergashev imzalayıblar.

Memorandumda hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültələrdə tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin, konfransların, sərgilərin, seminarların, simpoziumların, qısamüddətli kurs və təlimlərin təşkili, eləcə də ortaq elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

Sənəddə, həmçinin elmi jurnallarda birgə nəşrlərin hazırlanması, ortaq akademik proqramların, tədris planlarının və sillabusların işlənməsi, akademik və inzibati heyət, tələbə, magistrant, doktorant və tədqiqatçı mübadiləsi kimi məsələlər də öz əksini tapıb.

Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli “İnformator.az”a açıqlamasında bildirib ki, Bakı Dövlət Universiteti ilə Özbəkistanın Namangan Dövlət Texniki Universiteti arasında imzalanan anlaşma memorandumu ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından müsbət və perspektivli addımdır:

“Azərbaycan və Özbəkistan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətləri bu gün müxtəlif sahələrdə, o cümlədən elm və təhsil istiqamətində əməkdaşlıq üçün geniş imkanlar yaradır. Hesab edirəm ki, bu münasibətlərin universitetlər səviyyəsində konkret akademik və elmi layihələrlə möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Burada əsas məsələ yalnız iki universitet arasında sənədin imzalanması deyil, həmin sənədin real akademik nəticələrə çevrilməsidir.

Memorandumda tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar, ortaq akademik proqramların hazırlanması, elmi nəşrlər, təlimlərin təşkili kimi istiqamətlərin nəzərdə tutulması əməkdaşlığın geniş çərçivəyə malik olduğunu göstərir. Düşünürəm ki, bu cür əməkdaşlıqlar Azərbaycan ali təhsilinin beynəlxalqlaşmasına, universitetlərimizin xarici akademik mühitə inteqrasiyasına və elmi potensialımızın daha geniş coğrafiyada tanınmasına xidmət edir. Eyni zamanda, universitetlər arasında təcrübə mübadiləsi tədrisin keyfiyyətinə və elmi tədqiqatların inkişafına müsbət təsir göstərir”.

Əmrah Həsənlinin fikrincə, əməkdaşlığın konkret nəticələrini yaxın bir-iki il ərzində bir neçə istiqamətdə görmək mümkün olmalıdır:

“İlk növbədə, tələbə və akademik heyət mübadiləsinin real mexanizmlərinin formalaşmasını gözləyirəm. Çünki beynəlxalq əməkdaşlığın ən mühüm tərəflərindən biri tələbələrin fərqli akademik mühitdə təcrübə qazanması, müəllimlərin isə yeni tədris metodları və elmi yanaşmalarla tanış olmasıdır.

İkinci mühüm istiqamət birgə elmi tədqiqatların aparılması və akademik nəşrlərin hazırlanmasıdır. Universitetlər yalnız tədris müəssisələri deyil, həm də elmi bilik istehsal edən mərkəzlərdir. Bu baxımdan, ortaq tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq elmi jurnallarda birgə məqalələrin dərc olunması əməkdaşlığın effektivliyini göstərən əsas meyarlardan biri ola bilər. Bununla yanaşı, ortaq tədris proqramlarının, qısamüddətli kursların və ixtisasartırma təlimlərinin təşkili istiqamətində də real nəticələr əldə etmək mümkündür”.

Ekspert beynəlxalq memorandumların uğurunun onların sayına görə deyil, yaratdığı imkanlara və əldə olunan nəticələrə əsasən qiymətləndirilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, tələbə mübadiləsi həyata keçirilməzsə, birgə tədqiqatlar aparılmazsa və ortaq akademik layihələr reallaşdırılmazsa, imzalanan sənədin formal xarakter daşıması riski yaranır.

Aysu Qədirzadə

#imzalanıb #özbəkistan #yeni #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər