Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Oktyabrın 27-də Bakıda “Ortaq gələcək” şüarı altında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Ölkəmizin beynəlxalq miqyasda sülhün, tərəqqinin və mədəniyyətlərarası anlaşmanın təşviqi istiqamətindəki ardıcıl səylərinin növbəti təzahürü olan bu nüfuzlu tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Ramiyə Mamedova bildirib ki, Azərbaycan üçün bunun əhəmiyyəti çox böyükdür, çünki Azərbaycan uzun müddətdir bu formlarda çalışır:
"Bu cür platformalar əslində insanları həm mədəni olaraq, həm din baxımından, həm də milli şüur baxımından yaxınlaşdırma və bir-birlərini tanımağa gətirib çıxardır. Bu da Azərbaycanın millətinin, milli şüurunun, mədəniyyətinin tanıdılmasında böyük rol oynayır. Qarşılıqlı tanıdılma da burada böyük bir rol oynayır. Burada dialoq məsələsi var, yəni ölkələr, millətlər arası dialoqların qurulması, masa arxasında danışılması, fikir mübadiləsi aparılması məsələsi çox önəmlidir. Bu da ona gətirib çıxardır ki, bu cür platformalar dünya üzərində beynəlxalq səviyyədə daha da genişlənməsi və sülhə, əmin-amanlığa, gələcək perspektivlərə, iqtisadi, siyasi baxımdan böyük bir töhfə verir. Təbii ki, burada gənclərin rolu da böyükdür, çünki gənclər tələbə olurlar, hansısa dövlətlərdə gedib çalışırlar və bu da onların öz ölkələrini, millətlərini, dinlərini, mədəniyyətlərinin tanınmasına səbəb olur".
Xədicə İsmayılova