BDU-nun Teknofest qalibləri ilə müsahibə - FOTO
Bildiyimiz kimi 27 aprel-1 may tarixləri arasında İstanbul şəhərində “Teknofest Türkiyə-2023" festivalı keçirilib. Festivalın qalibləri arasında Bakı Dövlət Universitetinin tələbə-müəllim heyəti də yer alıb.
BDU Fizika fakültəsi Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Sara Rəhimzadə və BDU-nun Elmi Təşkilat şöbəsinin mütəxəssisi, müəllimi Rəvanə Sadıqlı uğur hekayələrini İNFORMATOR.AZ-a danışıb.
Necə oldu ki, bu yarışmadan xəbər tutdunuz və ən əsası qatılmaq qərarına gəldiniz?
Əslində, bu yarışmada biz keçən il də iştirak etmişdik. Ötən il Teknofestin Azərbaycanda da keçiriləcəyi ilə bağlı elan görmüşdük. Komanda yoldaşım ilə qərara gəldik ki, biz də bu yarışda iştirak edək. Ötən il sosial yönümlü texnologiyalar kataqoriyasında üçüncü yerə layiq görüldük. Daha sonra qalib olduğumuz üçün Samsuna dəvət edildik, həmçinin bunlar da öz növbəsində bizim üçün bir növ təşviq rolunu oynadı. Bu il də Teknofesti davamlı şəkildə izləyirdik ki, mütləq biz də qatılaq.
Beləliklə, Teknofest festivalına artıq üçüncü dəfədir ki, müraciət edirik. Bilirsiniz ki, artıq 6 ildir ki, Türkiyədə Teknofest festivalı keçirilir. Əvvəllər Azərbaycandan iştirak o qədər də populyar deyildi. Bu festival populyarlığını Azərbaycanda-Bakıda keçirildiyi ildə qazandı. Məhz həmin il biz Teknofest Azərbaycanda Bakı Dövlət Universitetindən 12 komanda ilə təmsil olunduq. Bu komandalardan ikisi dərəcəyə layiq görüldü. Mənim də üzvü olduğum “BSU creativity works” komandası digər komandaların da mentoru idi. Biz mentorlar olaraq toplaşıb bir komanda formalaşdırdıq. Komandamızın digər üzvləri keçən il Samsunda keçirilən Teknofestə dəvət aldılar, universitetimizi orada təmsil etdilər. Nəhayət biz komanda halında 6 layihə ilə Teknofest 2022-yə müraciət etdik.
Məlumatı olmayanlar üçün prosesi necə izah edərdiniz?
Təbii ki, ilk olaraq bir fikir, ideya formalaşdırdıq. Daha sonra komandalar formalaşdırdıq. Bir neçə ideya ilə baş vurmuşduq. Daha sonra onlardan bir neçəsi finala keçə bildi. Komandanı formalaşdırdıqdan sonra isə qeydiyyat prosesi başladı. Finala kimi 3 fərqli mərhələdən keçdik. Hər birində yüzlərlə, bəlkə də, minlərlə komanda sıradan çıxdı. Və bizim kataqoriyada finala yalnız40 finalist komanda qalmışdı.
Üç ildir ki, atıldığımız bu festivalda proses demək olar ki, oktyabr ayından başladı. Əvvəlcə, Teknofestin özünün qəbul şərtlərini ödədik. Daha sonra isə Teknofestin saytından qeydiyyatdan keçdik. Komanda formalaşdırdıq, ilkin hesabatlar, daha sonra pdf sənədləşmə mərhələsi və s. Nəhayət, final mərhələsinə vəsiqə qazandıq. Bu il “BSU creativity works” komandası olaraq 6 layihə təqdim etmişdik və onlardan 3ü final mərhələsinə vəsiqə qazandı. Bunlardan yerə vəsiqə qazandığımız "Ağıllı nəqliyyat sistemləri" kataqoriyasında "Drivacy İ" layihəsi idi. Digərləri isə "Çevrə və enerji" kataqoriyasında final mərhələsində yarışdı.
İlkin olara hansı ideyalar ağlınıza gəldi və hansı ideyaları seçmədiniz?
Əslində, arasında qaldığımız ideya yox idi, çünki ağlımıza gələn bütün ideyaları layihə halına salıb, üzərində çox işləyib yoxlayıb vermişdik. Məsələn, dekabr ayı bizim üçün çox gərgin ay idi. Dekabr, yanvar aylarında layihələrimizin mərhələlərdən keçməsi üçün çalışırdıq. Müəyyən mərhələ fayllarını doldurduq, onları əsaslandırdıq.
Əgər yaradıcılıq işi ilə məşğulsunuzsa, xüsusilə ixtisasınız fizikadırsa sizin beyniniz daim suallarla dolu olur, hər zaman yenilikçi, düşünürsünüz. Bizi də birləşdirən elə fizika oldu. Dünya trendlərini izləyirik, boşluqları, yeni texnologiyalar hara tətbiq oluna bilər-daim bunların axtarışındayıq. Teknofestə müraciət mərhələsində bizdə müəyyən fikirlər var idi. Hansı layihələrə fokuslana bilərik, dünyada nə kimi problemlər var və o problemlərin həlli üçün biz hansı texnologiyalar yarada bilərik kimi düşüncələrimiz oldu. Biz "Ağıllı ev"dən tutmuş " Ağıllı sürücü"yə qədər bir çox layihələr üzərində dayandıq. Hətta ideya olaraq ağlımıza gələn hər layihəni həyata keçirdik. Sevindirici haldır ki, müraciətlərimiz cavabsız qalmadı və hər biri final mərhələsinə qədər uğurla irəlilədi.
Burda qeyd etmək istədiyim önəmli məqamlardan biri də ideyalarımızın reallığa nə dərəcədə uyğun olmasıdır. Məhz buna görə komanda ruhu ilə hərəkət edirdik və bunun nəticəsində qalibiyyətə doğru getdik. Çünki ideyalarımızı bölüşürdük, müzakirə edirdik və hansı reallığa uyğundur, hansının gerçəkləşməsi daha çətindir analiz edirdik. Nəticədə qeyd etdiyim layihələrlə müraciət etdik.
Uğur qazanacağınızı gözləyirdiniz?
Bəli, uğur qazanacağımızı gözləyirdik, çünki uğur qazanmaq üçün, həqiqətən, çox çalışmışdıq. Aylarca bu layihə üzərində işləyirdik, yarışmaya tam ciddi şəkildə hazırlaşırdıq. Buna görə də əziyyətimizin bəhrəsini görəcəyimizi düşünürdük.
Ən əsası layihələrə güvənirdik, çünki onların həll etdiyi məsələlərin, həqiqətən, həyati önəm daşıdığını düşünürdük. Məsələn "Driver's eye" layihəsində bilirsiniz ki, dünyada hər 20 saniyədə bir insan yol qəzası səbəbi ilə həyatını itirir. Bu kifayət qədər əhəmiyyətli statistikadır. Biz bunun səbəblərini araşdırdıq və bütün səbəbləri eyni bir layihə ilə aradan qaldırmağa çalışdıq. Layihəmiz ən əsas yol qəzalarını müəyyən edir və bu qəzaları aradan qaldırmaq üçün multitrans (bir neçə funksiyanı yerinə yetirən sistem) formalaşdırdıq. Eyni zamanda digər layihələrimiz də həmçinin.
Bu uğurunuzu nəyə borclusunuz?
Düşünürəm ki, uğurumuzda ən əsas bu iki faktora borcluyuq: İlk növbədə zəhmət və ikincisi də inam, bizə olan inam. Nəticədə Universitetin rəhbərliyi, xüsusilə də, Elçin müəllim tərəfindən olan inamı doğrultduq. İlk gündən bəri biz layihələrimizə güvənirdik, çünki reallığa çox uyğun idi və dünyada oxşar olan layihələrə nisbətən daha ucuza ərsəyə gəlirdi. Biz qələbəni gözləyirdik, istəyirdik, ümid edirdik və inanırdıq.
Bu müddətdə ən çox nələr sizi həvəsləndirdi? İlham qaynağınız ya da qaynaqlarınız nələr idi?
Sonda görəcəyim, ərsəyə gətirmiş olacağım cihaz və zəhmətimin nəticəsi olan uğur qazanma hissi mənim üçün ən əsas ilham qaynaqları oldu. Eyni zamanda həyati problemlərin həlli, BDU-nu təmsil etmə istəyimiz də həvəsləndirici amillərdəndir.
Mən Teknofesti cənab prezidentin çıxışına qədər olan və sonrası olmaqla iki mərhələyə bölürəm. Cənab prezidentin çıxışına qədər biz, həqiqətən, çox yorğun idik və prototipləri Bakıdan özümüzlə apardıq, orada onları yenidən quraşdırdıq. Atatürk hava limanı, festivalın keçirildiyi sahil çox geniş, hava şəraiti çətin, yağışlı idi və bu bizi çox yorurdu. Daha sonra rəqiblərimizi gördük, rəqiblərimizin nə qədər güclü olduqlarını gördük və bu bizi bir qədər qorxutdu. Lakin cənab prezidentin çıxışında qeyd etdiyi şüar: "İki dövlət, bir millət və bir yumruq" şüarı bizə, həqiqətən böyük motivasiya verdi. Bu qalibiyyəti ölkəmizə gətirməliyik deyə düşündük və biz yenidən prototipimizin üzərində işləməyə başladıq ki, münsiflər heyətinin qarşısında da bu özünü göstərdi.
Sizin bu sahəyə marağınız nə zamandan başlayıb?
Elektronikaya olan marağım uşaq yaşlarımdan başlayıb. Təxminən 8-10 yaşlarımdan etibarən. O yaşlarda ixtiraçı mühəndis olmağı çox istəyirdim. Yəni həmin yaş dövründə bu mənim ən böyük xəyalım idi. Və sonrakı yaş dövrlərində də bu davam etmişdi. Elə 10 yaşımdan etibarən evdəki cihazları söküb-yığmağı çox sevirdim. Həmin yaş dövründə söküb yığmaq, problemi və səbəbini tapmaq, kondensator, rezistor, tranzistor kimi detalları anlamasam belə sxeminə baxmaq mənim üçün çox maraqlı idi. Xüsusilə də, xarab olan bir cihazı təsadüfən də olsa düzəltmiş olmanın verdiyi sevinc bambaşqa idi. Elə həmin yaş dövründən başlayaraq ən böyük xəyallarımdan biri də mühəndis, yaxud ixtiraçı olmaq idi.

Eyni suala Rəvanə xanım belə cavab verdi:
Mənim elmə marağım orta məktəbdən başlayıb. Ona görə də bakalavr fizika müəllimliyi üzrə təhsil aldım. Daha sonra Magistratura astronomiya fizika üzrə təhsil aldım. Xüsusilə, bu cür layihələrə marağım isə Universitetdə özüm kimi maraqlı tələbələrlə tanış oldum və biz məhz həmin komanda ilə festivalda iştirak etdik. Xüsusilə Teknofestə marağım isə Teknofest Azərbaycandan başladı.
Bu uğurun yanında çətinlik çəkdiyiniz məqamlar nələr oldu?
Əlbəttə, hər bir uğurun arxasında əziyyət, zəhmət dayanır. Heç nə asan olmadı. Yorucu qismi bizim bir neçə layihə ilə çıxış etməmiz idi.
Festival ərzində kifayət qədər əziyyət çəkdik. Eyni zamanda prototiplərin hazırlanması da vaxt tələb etdi. Çətinlik çəkdiyimiz bəzi hissələri araşdırdıq, məhz tədqiqat hissəsində bir az çətinlik çəkdik. Xarici ədəbiyyatlardan və s. istifadə etdik. Lakin sondakı qazandığımız uğur, qalibiyyət bütün çətinliklərə dəyərdi. Uğura aparan yolda bu cür çətinliklər insanı yormur. Qalibiyyətdən sonra bu zəhmət və əziyyətlərin hamısı unudulur və tam əksinə, hər şeyə dəyər deyə düşünür insan.




Aydan Qasımova
