BDU tələbələrinin universitetlə bağlı TƏƏSSÜRATLARI
Bu gün Bakı Dövlət Universitetinin (BDU) 104 illiyidir. Bununla bağlı BDU tələbələri xoş təəssüratlarını saytımızla bölüşüblər.
BDU-nun jurnalistləri duyğularını, xatirələrini bölüşüblər. Onların sözlərinə görə, uiversitetlə bağlı xoş xatirələri çoxdur. Və ən çox da müəllim və uşaqlar universitet həyatına rəng qatırlar. Riyaziyyat fakültəsinin tələbəsi Mürsəl Həşimli hisslərini belə ifadə edib:
"Hansından başlayım biləmədim. Ən xoş anlarım qrupumuzla bir yerlərə getdikdə ya bir şeylər hazırladıqda və s. olurdu. Məsələn, bir dəfəsində piknikə getmişdik və çox əyləncəli keçmişdi. Həmçinin BDU-nun 1919 kafesinin abu-havası çox fərqlidir. Hə, bir də Həcər müəllim var idi 1-ci semestr bizə dərs keçmişdi, çox yaxşı müəllim idi. 11 ildə öyrənə bilmədiyimiz tarixi hamıya öyrətmişdi. Onu dinəyib daha sonra pdf filan təsadüfən oxuyardımı".
Kimya fakültəsinin tələbəsi Jasmin Cəlilova isə belə deyib:
"Mən istəmədiyim halda BDU-ya qəbul olmuşam. Buna görə də çox qərəzli yanaşırdım ilk gələndə. Xəyallarım alt-üst olmuşdu. Ölkənin ən məşhur universiteti olmasına baxmayaraq, mənim BDU haqqında heç bir məlumatım yox idi. Ömür boyu fikrimdə ATU olmuşdu. Gələndə anlıq şok keçirdim. Universitetin böyüklüyü, korpusa gedib çatana kimi qarşılaşdığım onlarla insan, həyətin böyüklüyü, auditoriyaya gedənə kimi uzun dəhlizlər... Gedən kimi tanışlıq oldu, daha sonra laboratoriyaya keçdik. Alışma müddəti çox çəkmədi. Mənə BDU-nu qrup yoldaşlarım sevdirdi. Zamanla ən doğma məkanım oldu hətta. Amma hər şeyə rəğmən, hər şeyi ilə BDU əladır".
Jurnalistika fakültəsinin tələbələri də universitet haqda fikirlərini bildiriblər. Hamar Quluzadə həmkarlarının, müəllimlərinin, universitetin çox gözəl olduğunu deyib. Həmçinin Nəzrin Malik diplom işində maksimum bal aldığında, müəllimlərinin onu təbrik etdiyində, əla iş olduğunu bildirdiyində çox xoşbəxt olduğunu deyir.
Bakı Dövlət Universitetində oxuyan bir tələbə olaraq deyə bilərəm ki, universitetimiz gözəldir. Hər şeyi nəzəri cəhətdən öyrənmək bir qədər yorucu olsa belə, bu universitetdə oxumaq, həmçinin zövq verir. Xüsusilə, praktika, sual-cavab, misal və məsəllərlə keçən dərslər insana zövq verir. Samirə müəllimənin "Yaxşı qiymət üçün bol-bol misallar istəyirəm", Xumar müəllimənin " Suallar hazırlayın" deyimləri, Anzulə Pərvizqızının isə ruhumuzu gözəl saxlamaqla bağlı verdiyi tövsiyələr mənə çox xeyir gətirdi. Hətta deyə bilərəm ki, imtahanların bir çoxunda yığdığım yüksək balların səbəbi də məhz bu tövsiyələr idi. Beynimdə müsahiblərdən soruşacağım sualların hər biri imtahanlarda cavablarım olur çox zaman.
Bunu da vurğulamaq istəyirəm ki, BDU studiosu və həmçinin digər fakültələr üçün yaradılan şərait gözəldir. BDU üçün getdiyim 2 saatlıq yol, dərs yükü məni bir qədər yorsa belə, bu universiteti sevirəm.
104 yaşın mübarək olsun, doğma universitetim!
Aydan Qasımova
