00:00:00
Yazar
Zəhra Həsənova
29.04.2026 18:18 41 2 dəq oxuma
Media

BDU və “ARB 24” əməkdaşlığı çərçivəsində “Newslab” təlimlərinə start verilib

BDU və “ARB 24” əməkdaşlığı çərçivəsində “Newslab” təlimlərinə start verilib

"İnformator.az" xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU) və “ARB 24” telekanalı arasında əməkdaşlıq haqqında müqavilə 4 il əvvəl imzalanıb. Bu il isə tərəfdaşlığın 5-ci ildönümü qeyd olunur və həmin əməkdaşlıq çərçivəsində artıq “Newslab” təlimlərinə start verilib.

 

Layihədə iştirak üçün müraciətlər 25 fevraldan 15 martadək qəbul olunub. Bu müddət ərzində daxil olan müraciətlər arasından seçim aparılaraq siyahı müəyyənləşdirilib. Müsahibə mərhələsində iştirakçıların jurnalistika sahəsinə dair nəzəri bilikləri, praktiki bacarıqları, xəbəri təqdimetmə qabiliyyətləri yoxlanılıb. Müsahibə prosesinin nəticələrinə əsasən, bu meyarlara cavab verən namizədlər arasından ümumilikdə 15 nəfər seçilərək layihənin növbəti mərhələsinə vəsiqə qazanıb.

 

“Newslab” layihəsi çərçivəsində ilk təlimi “ARB 24”ün icraçı direktoru Elnur Şibliyev keçib. Təlim zamanı tələbələrə sujetlərin hazırlanma mərhələləri, informasiyanın düzgün seçilməsi və təqdim olunması qaydaları haqqında ətraflı məlumat verilib. Eyni zamanda, real televiziya materialları üzərindən nümunələr göstərilərək, sujetlərin quruluşu, vizual və mətn uyğunluğu kimi mühüm məqamlar izah olunub.

 

Layihə çərçivəsində təşkil olunan növbəti təlimi isə “ARB 24”ün direktor müşaviri Aynur Nəsirova  keçirib. Bu təlimdə reportajın xüsusiyyətləri, mövzunun seçilməsi, hadisə yerindən məlumatın toplanması və tamaşaçıya düzgün çatdırılması kimi əsas məqamlar izah edilib. Təlim iştirakçılarına reportajın strukturu, stendapların qurulması, kadr seçimində diqqət edilməli məqamlar barədə praktik tövsiyələr verilib.

 

Əməkdaşlıq müqaviləsinə əsasən, BDU-nun Jurnalistika fakültəsində müxtəlif təlimlərin təşkili, həmçinin uğur qazanan iştirakçıların sertifikatla təmin olunması və onların bir qisminin “ARB 24” telekanalında işlə təmin edilməsi nəzərdə tutulur. Bundan əlavə, tərəflər arasında seminar və digər tədbirlərin keçirilməsi də planlaşdırılır.

 

Xatırladaq ki, sənədi BDU-nun rektoru Elçin Babayev və “ARB 24” telekanalının direktoru Radik İsmayılov imzalayıb. İmzalanma mərasimində çıxış edən rektor Elçin Babayev universitetin inkişaf strategiyasına uyğun olaraq müasir tədris texnologiyalarının tətbiqinin vacibliyini vurğulayıb, jurnalistika tələbələrinin nəzəri biliklərlə yanaşı, praktik bacarıqlarını da inkişaf etdirməsinin əhəmiyyətini qeyd edib.

 

#ARB24 #BDU #təlimlər #newslab
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər