BDU WUF13-DƏ İQLİMƏ DAYANIQLI ŞƏHƏRLƏR ÜÇÜN HİDROPONİK HƏLLƏRƏ DAİR XÜSUSİ TƏLİM SESSİYASI TƏŞKİL EDİB
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “Yaşıl evlər, yaşıl eyvanlar: İqlimə dayanıqlı şəhərlər üçün hidroponik həllər” adlı xüsusi təlim sessiyası keçirilib.
Tədbirin açılışında moderator Mirhüseyn Tağıyev sessiyanın məqsədi və BDU-nun forum çərçivəsində həyata keçirdiyi təşəbbüslər haqqında məlumat verib. Bildirilib ki, universitet WUF13-də müxtəlif təlim proqramları, panel müzakirələri, startap layihələri və sərgi stendi ilə təmsil olunur.
Sessiya zamanı BDU-nun Hüceyrə kulturası və genom redaktəsi laboratoriyasının müdiri Qumru Hüseynova hidroponik sistemlərin ev və eyvanlarda tətbiqi, şəhər mühitində orqanik qida istehsalı və resurslara qənaət imkanlarından danışıb.
Daha sonra “Grand Agro İnvitro” MMC-nin baş icraçı direktoru Ramil Azməmmədov şəhərlərin qida təminatında müasir texnologiyaların, süni intellektin və su səmərəliliyinin roluna toxunub. BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibov universitetdə reallaşdırılan innovativ layihələri təqdim edib.
Təlim çərçivəsində hidroponik sistemlərin quruluşu, üstünlükləri və şəhər həyatında istifadəsi ilə bağlı praktiki məlumatlar verilib, davamlı şəhər inkişafında biotexnologiyanın əhəmiyyəti vurğulanıb. Tədbir interaktiv müzakirələr və sual-cavabla yekunlaşıb.
Mələk Hüseynova