00:00:00
Yazar
Admin User
18.09.2025 17:41 129 2 dəq oxuma
İdman

“Benfika”nı məğlub edən “Qarabağ” reytinqdə irəliləyib

“Benfika”nı məğlub edən “Qarabağ” reytinqdə irəliləyib

“Qarabağ” UEFA-nın reytinqində irəliləyib.


Bu irəliləyiş Ağdam təmsilçisinin Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda Lissabonda “Benfika” üzərindəki qələbəsi (3:2) sayəsində mümkün olub.


Son 5 mövsümün nəticəsinə əsəsən, əmsalını 37,000-a çatdıran Qurban Qurbanovun komandası 2 pillə irəliləyərək 57-ci yerdən 55-ci pilləyə qalxıb.


Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, bu qələbə hər birimizə qürur hissi yaşadıb:


“Avrokuboklarda yeganə təmsilçimiz “Qarabağ”ın səfərdə “Benfika” kimi kollektivi məğlub etməsi və hətta bunu əzmkar qələbə ilə taclandırması hər birimiz üçün qürur dolu hisslərlə zəngin olub. Həqiqətən bu sevinci ifadə etməyin yollarını tapmaq çox çətindir, sözlər bu tarixi zəfərin qarşısında aciz qalır. “Kəhər atlar”ın UEFA Reytinq cədvəlində irəliləməsi surpriz olmayıb, çünki UEFA Çempionlar Liqasında qələbəyə görə verilən reytinq xalı 2000 olaraq hesablanır və “Qarabağ”ın reytinq cədvəlində öndə olan “Viktoria Plzen” və “Braqa” UEFA Avropa Liqasında matçlarını keçirməyiblər. Bu qələbə riyazi olaraq komandamızı 2 pillə irəlilədə bilərdi ki, bu da gerçəkləşib. İnanıram ki, “Benfika” zəfəri Ağdam klubuna növbəti görüşlərdə maksimum stimul verəcək və sıradakı qələbələrlə UEFA reytinqində irəliləyəcəyik.


“Qarabağ”ın artıq 11 ildir Avropanın yaşıl meydanlarında adından söz etdirməsi, artıq transfer siyasətində də dəyişikliyə səbəb olub. Ötən mövsüm Olavio Juninyo üçün mübarizə aparan kollektivlərin nüfuzu bunun əyani sübutudur. “Benfika” kimi köklü klub üzərində qələbə, şübhəsiz ki, hazırda heyətdə yer alan bir neçə oyunçuya ekstra maraq yaranmasına səbəb olub. Böyük ehtimalla qarşıdakı qış transfer dönəmində “Qarabağ” yeni satış rekorduna imza atacaq”.


Ceyhun Məmmədov əlavə edib ki, futbolçuların fərdi keyfiyyətləri, komanda ruhu və Qurban Qurbanovun taktiki gedişləri sintez yaradaraq “Benfika”nı məğlub etməyə kömək edib:


“Ötən gecə keçirilən “Liverpul” – “Atletiko” matçına, yəqin ki, futbolsevərlər diqqətlə baxıb. İspaniya təmsilçisi 2:0 geridə olsa da, ruhdan düşmürlər və taktikaya sadiq qalırlar. Və II yarıda tarazlığa nail olurlar, lakin bərabərlik qolundan sonra hər şey yenidən “Liverpul”un lehinə dəyişir. Çünki Qurban Qurbanov kimi, Dieqo Simeone də taktiki yanaşmaya önəm verir. “Atletiko” “1 xal bəsimizdir” deyərcəsinə müdafiəni gücləndirir və yekunda 3-cü topu buraxıb məğlub olur. “Qarabağ”da bu yox idi, futbolçularımız sanki biz qələbədən başqa heçnə istəmirik deyərək döyüşürdü. Həm fərdi keyfiyyətlər, həm komanda ruhu, həm də Qurban müəllimin taktiki gedişləri sintez şəklində “Benfika”nı dizə gətirib”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər