Beynəlxalq Cüdo Federasiyasının yenilikləri milli üzvlərə təqdim olunub
Cüdo üzrə Azərbaycan millisinin qadın və kişi üzvləri üçün Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi yeni qaydalarla bağlı maarifləndirici seminar keçirilib. Seminarın əsas məqsədi idmançıların qayda dəyişikliklərini düzgün mənimsəməsi və yarışlarda daha hazırlıqlı çıxış etməsidir.
Mövzu ilə bağlı idman jurnalisti, şərhçi Rövşən Binnətli “İnformator.az”a açıqlamasında bildirib ki, qaydalarda dəyişiklik müəyyən zərurətdən yaranır. Məqsəd isə bu yolla mübarizəni daha maraqlı etmək, qalibi müəyyənləşdirməkdə obyektivliyi artırmaq və bu kimi müsbət nəticələrə nail olmaqdır:
“Cüdodakı son yeniliklər arasında yuko'nun bərpa edilməsi xüsusi vurğulanmalıdır. Bu, qalibin əsas vaxtda müəyyən edilməsində faydalı olacaq. Digər yeniliklərlə bağlı da müsbət fikirlər söyləmək mümkündür. Qaydalarda anidən çoxsaylı dəyişiklik bəzən idmançılarla yanaşı, məşqçilərdə, həmçinin idmansevərlər arasında çaşqınlığa, anlaşılmazlığa, hətta mübahisələrə səbəb olur. İdmanda mübahisəli məqamlar həmişə olub və olacaq. Yəni, yeniliklərə ‘mübahisələrə son’ düşüncəsi ilə baxılmamalıdır. Eyni vəziyyəti hər kəs öz marağı prizmasından təhlil edir. Futbolda VAR sistemi tətbiq olunanda belə bir təsəvvür yarandı ki, artıq mübahisəyə yer olmayacaq. Reallıq isə tam fərqli mənzərə ortaya qoydu. Həm yenilik və dəyişikliklərin, həm də mövcud qaydaların izah olunmasında seminarların əhəmiyyəti danılmazdır. Əsas olan onları yetərincə mənimsəmək və mübarizə meydanında uğurla tətbiq etməkdir".
Zəhra Möhübbətova
