Beynəlxalq Enerji Agentliyi
Bu il dünya üzrə kömürə olan tələbat rekord səviyyəyə yüksələcək. Beynəlxalq Enerji Agentliyinin (IEA) “Coal 2025” hesabatına əsasən, 2025-ci ildə qlobal kömür tələbatı ötən illə müqayisədə 0,5% artaraq 8,85 milyard ton təşkil edəcək.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Energetika Nazirliyi yanında İctimai Şuranın sədri Şaban Nəsirov bildirib ki, qlobal kömür tələbatının son illərdə rekord həddə çatması ilk baxışdan enerji keçidi prosesinə zidd kimi görünə bilər:
"Lakin mövcud statistik göstəricilər və real enerji bazarı dinamikası göstərir ki, bu vəziyyət daha çox enerji keçidinin ziddiyyəti yox, onun təbii və keçid mərhələsidir. Statistikaya diqqət etsək görərik ki, 2023–2024-cü illərdə qlobal kömür istehsalı 8,5 milyard tona yaxınlaşıb və əsas artım Çin və Hindistan kimi ölkələrin payına düşür. Bu ölkələrdə sənaye istehsalı, urbanizasiya və elektrik enerjisinə tələbat sürətlə artır. Mövcud şəraitdə bu tələbatı yalnız bərpa olunan enerji hesabına tam şəkildə qarşılamaq hələ ki, texniki və iqtisadi baxımdan mümkün deyil. Bu səbəbdən kömür qısa və orta müddətdə enerji təhlükəsizliyinin “sığorta mexanizmi” rolunu oynayır. Digər tərəfdən, paralel olaraq bərpa olunan enerji mənbələrində artım tempi kömürdən qat-qat yüksəkdir. Son illərdə günəş və külək enerjisindən əldə olunan elektrik istehsalı hər il orta hesabla 14–16 faiz artır. Bu isə göstərir ki, strateji istiqamət dəyişməyib. Sadəcə olaraq enerji keçidi xətti və mərhələli şəkildə həyata keçirilir, kəskin və riskli addımlardan qaçılır.
Burada mühim bir məqam da inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı fərqdir. Avropa ölkələri və ABŞ kömürdən mərhələli şəkildə imtina etsə də, Asiya ölkələri hələ uzun müddət bu resursdan istifadə etməyə məcbur qalacaq. Çünki onların enerji tələbatı həm əhali sayına, həm də sənaye strukturuna görə daha sürətlə artır. Bu da qlobal statistikanı yuxarı çəkir. Yəni kömür tələbatının rekord səviyyədə qalması enerji keçidinin iflası deyil. Bu, daha çox mövcud iqtisadi reallıqlar, enerji təhlükəsizliyi ehtiyacları və texnoloji məhdudiyyətlər fonunda keçidin təbii mərhələsi kimi qiymətləndirilməlidir. Əsas göstərici ondan ibarətdir ki, zamanla kömürün payının azalacağını, bərpa olunan enerjinin isə əsas enerji mənbəyinə çevriləcəyi danılmazdır. Sualınıza cavab vermək üçün beynəlxalq enerji agentliklərin qiymətləndirməsinə baxmaq lazımdır. Çünki qlobal səviyyədə müxtəlif mənbələrdən alınan enerjinin statiskasını və dinamikasını izləyən əsas qrumlar (IEA, BP, Ember) onlardır.Beynəlxalq Enerji Agentliyinin (IEA) World Energy Outlook 2023 və Coal 2025 hesabatlarına əsasən, bərpa olunan enerji mənbələrinin sürətli inkişafına baxmayaraq, kömürün qlobal enerji balansındakı rolu qısa müddətdə tam aradan qalxmayacaq. IEA proqnozlarına görə, kömürün qlobal elektrik istehsalındakı payı azalma trayektoriyasına daxil olsa da, ən azı 2035-ci ilə qədər enerji sistemində əhəmiyyətli rolunu qoruyacaq. Beynəlxalq enerji agentliklərinin və mütəxəssislərinin fikrinə görə hazırda dünya üzrə elektrik enerjisinin təxminən 35 faizi kömür hesabına istehsal olunur. Xüsusilə Çin, Hindistan və Cənub-Şərqi Asiya ölkələri bu göstəricinin əsas mənbəyidir. IEA-nın məlumatına görə, təkcə Çin qlobal kömür istehlakının 55 faizdən çoxunu, Hindistan isə 15 faizə yaxınını təşkil edir. Bu ölkələrdə artan sənaye istehsalı və urbanizasiya enerji tələbatını yüksəldir və mövcud mərhələdə bu tələbatın tam şəkildə bərpa olunan enerji ilə əvəzlənməsi mümkün görünmür. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) World Energy Transitions Outlook 2024 hesabatında qeyd olunur ki, günəş və külək enerjisinin illik artım tempi 14–16 faiz səviyyəsində olsa da, enerji saxlanması texnologiyaları və elektrik şəbəkələrinin modernləşdirilməsi hələ kifayət qədər geniş miqyasda tətbiq olunmayıb. Bu səbəbdən kömür bir çox ölkələrdə enerji sisteminin sabitliyini qoruyan “keçid yanacağı” funksiyasını yerinə yetirir. Eyni zamanda, BP-nin Statistical Review of World Energy 2024 hesabatı göstərir ki, inkişaf etmiş ölkələrdə kömür istehlakı ardıcıl azalır, lakin bu azalma Asiya bazarlarında artımla kompensasiya olunur. Bu da qlobal miqyasda kömürün payının daha yavaş tempdə azalmasına səbəb olur. Bütün bu tipli informasiyaları təhlil etdikdə görürük ki, kömürün qlobal enerji balansındakı rolu 2040–2045-cı illərə qədər mərhələli şəkildə azalacaq, lakin tam şəkildə aradan qalxmayacaq. Uzunmüddətli perspektivdə isə kömür əsas enerji mənbəyi statusunu itirərək ehtiyat və balanslaşdırıcı roluna keçəcək, əsas yük isə bərpa olunan enerji mənbələrinin üzərinə düşəcək.
Qlobal kömür tələbatının dəyişməsi Azərbaycan və region ölkələrinin enerji strategiyalarını birbaşa təsir edir, lakin bu təsir mənfi deyil, əksinə, ölkələrə enerji keçidini daha planlı və strateji şəkildə həyata keçirmək imkanı verir. Azərbaycan bu tendensiyanı nəzərə alaraq enerji ixracını diversifikasiya edir, bərpa olunan enerji mənbələrinə sərmayəni artırır və regional əməkdaşlıq imkanlarını genişləndirir. Bu isə uzunmüddətli perspektivdə enerji təhlükəsizliyini gücləndirir. Amma nəzərə almaq lazımdır ki, qlobal kömür tələbatının yüksək olması bir neçə aspektdə strateji qərarlara təsir edə bilər. Birincisi enerji ixracat strategiyasına təsiri ola bilər. Azərbaycan neft və qaz ixracatından əldə etdiyi gəlirlərin bir qismini enerji infrastrukturuna və bərpa olunan enerji layihələrinə yatırır. Qlobal kömür tələbatının artması, xüsusilə Asiya bazarında, alternativ enerji bazarlarını daha çox rəqabətə məruz qoyur. Bu isə Azərbaycanın enerji ixrac planlarını daha strateji şəkildə formalaşdırmasını tələb edir. İkincisi daxili enerji balansıdır. Region ölkələrinin, xüsusilə qonşu İran və Türkiyənin kömürdən istifadə səviyyəsi və qiymət dinamikası, Azərbaycan üçün enerji qiymətlərinin formalaşmasına təsir göstərir. Qlobal kömür qiymətlərinin artması bəzən qaz və elektrik bazarına da təsir edir ki, bu da Azərbaycan üçün enerji təhlükəsizliyi məsələsində nəzərə alınmalıdır. Üçüncü bərpa olunan enerji təşəbbüsləridir. Bərpa olunan enerji mənbələrinin sürətli inkişafı kömürün payını tədricən azaldır, lakin keçid mərhələsi uzun müddət davam edir. Bu isə Azərbaycan və region ölkələrinə imkan verir ki, kömürdən asılılığı minimuma endirərkən enerji təhlükəsizliyini qorumaq üçün görülən işləri, planları mərhələli şəkildə tətbiq etsinlər. Dördüncü regional əməkdaşlıq və enerji təhlükəsizliyidir. Qlobal kömür bazarındakı dəyişikliklər regional enerji əməkdaşlığını daha önəmli edir. Azərbaycanın enerji strategiyasına daxil edilən neft, qaz və bərpa olunan enerji layihələri qonşu ölkələr və beynəlxalq tərəfdaşlarla balanslı əməkdaşlığı tələb edir ki, enerji tədarükü və qiymət stabilliyi təmin edilsin. Sadaladığım bu istiqamətlər üzrə hökumətin enerji strategiyası kifayət qədər dinamik və işləkdir. Bu üzdən kömürün hasilatının qlobal səviyyədə artmasına baxmayaraq , dövlətmiz bu prosessdən qazanclı çıxacaq".
Aişə Mustafayeva
