Bilik günündə bahalaşan gül buketləri
Hər il olduğu kimi bu il də 15 sentyabr Bilik günü kimi qeyd olunacaq. Valideynlər, şagirdlər, məktəblər yeni tədris ilinə hazırlaşırlar. Yarmarkalarda, mağazalarda olduğu kimi, gül salonlarında da canlanma müşahidə olunur. Gül mağazaları yeni tədris ilində qiymətlərə dəyişiklik edəcəkmi? Valideynlər hansı gül buketlərinə üstünlük verirlər?
Mövzunu həm sahibkarlar, həm də valideynlər, həm də ekspertlərlə araşdırmışıq. "Flowersme" gül salonu artıq sentyabrın 15-nə tam hazırdır. Hazırda gül bazarında qiymət artımının olmadığını desələr də, “yeni tədris ilinə qədər qiymət hər an dəyişə bilər”, anonsunu da gizlətmirlər. “Bu gün isə gül buketlərinin qiyməti 15 manatdan başlayır, müştərilər daha çox 20-25 manatlıq buketlərə üstünlük verirlər. Bu buketlər xrizantema güllərindən olur".
Valideyn Nisə Əliyeva gül buketi axtarışını dükanda deyil, sosial şəbəkələrdə aparıb. Deyir ki, 15 sentyabr üçün buket almayacaq, sosial şəbəkələrdə axtarsa da, münasib gül buketinə hələ rast gəlməyib.
Valideyn Gülsüm Ələkbərova da qiymətlərin münasib olmadığını düşünür. Bu səbəbdən də oğlunun müəllimi üçün daha münasib qiymətə başa gələn konfetlərdən buket hazırlayacaq.
Təhsil eksperti İlham Əhmədov müəllimlərə hörməti bahalı hədiyyələr və buketlə etməyi səhv addım hesab edir. “Şagirdin müəllimə hörməti hədiyyə ilə yox, məktəbdə davranış qaydalarına əməl etmək, dərslərini yaxşı oxumaqla bilinir”. Ekspert əlavə edir ki, yeni tədris ilinə görə valideynlər uşaqlarına bahalı məktəb forması, çanta və s. almaq üçün xərcə düşürlər, buket kimi əlavə xərcə ehtiyac yoxdur.
Nəzrin Mirzəyeva
