Bill Gates Epsteinlə əlaqələrinə görə məsuliyyəti üzərinə götürüb
Bill Gates xeyriyyə təşkilatı olan Bill & Melinda Gates Foundation əməkdaşları ilə keçirilən görüşdə Jeffrey Epstein ilə əlaqələri barədə danışaraq hərəkətlərinə görə məsuliyyəti üzərinə götürdüyünü bildirib.
Məlumata görə, Gates əməkdaşların suallarını cavablandırarkən Epsteinlə vaxt keçirməyin “böyük səhv” olduğunu etiraf edib və buna görə üzr istəyib. O qeyd edib ki, Epsteinin qurbanları ilə heç vaxt görüşməyib və onun ətrafında baş verən qanunsuz fəaliyyətlərdən xəbərdar olmayıb.
Gates bildirib ki, Epsteinlə ilk dəfə 2011-ci ildə tanış olub. Bu, Epsteinin yetkinlik yaşına çatmayan şəxsi fahişəliyə cəlb etmə ittihamı ilə məhkum olunmasından bir neçə il sonraya təsadüf edir. Onun sözlərinə görə, Epsteinlə əlaqə əsasən xeyriyyə layihələri üçün maliyyə toplamaq imkanlarını müzakirə etmək məqsədi daşıyıb.
O əlavə edib ki, Epsteinlə görüşləri 2014-cü ilə qədər davam edib, lakin heç vaxt onun adasına getməyib və orada gecələməyib. Gates həmçinin bildirib ki, keçmiş həyat yoldaşı Melinda French Gates həmin əlaqələrə əvvəldən şübhə ilə yanaşıb.
Məsələ ABŞ Ədliyyə Nazirliyinin yanvar ayında Epstein işi ilə bağlı yeni sənədlər açıqlamasından sonra yenidən gündəmə gəlib. Bununla belə, Epsteinin qurbanları tərəfindən Gatesə qarşı hər hansı qanunsuz hərəkətlə bağlı rəsmi ittiham irəli sürülməyib.
BBC
Reyhan Quliyeva
