Binalardan yığışdırılan su çənləri və fasilələrlə gələn su
Bir neçə il bundan əvvəl daimi su təminatı olduğu üçün çənlər binalardan yığışdırıldı. İndi də su ehtiyatı azdır deyə bəzi ərazilərdə su fasilə ilə verilir. Hətta fasilə ilə verilən suya da həsrət qalanların sayı az deyil. Bəs onlar nə etsin?
Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən binaların sakinləri qızmar yay günlərində susuz qalıblar. Sözügedən yaşayışmassivinin sakinləri deyir ki, su saat 6-da verilir və 8 və ya 9-a işləmiş, bəzən gecə 12 olmamış su kəsilir: "İnsanlar işdən gəlir, evdə uşaq-böyük, yay aylarıdır tez-tez çimmək lazım olur, paltar yumaq lazımdır. Su çox vaxt yüksək təzyiqlə gəlir. Buna görə elə olub ki, bütün alt qonşuların evini su basıb, pis olub".
Massiv sakibləri deyir ki, əsas tələbləri odur ki, ilk növbədə suyun verilmə qrafiki tənzimlənsin.Əsas odu ki, birinci qrafiki tənzimlənsin: "Hansı dövrdür ki, daima qaba su töküb, yuyunuruq".
Azərsu ASC-dən bildirildi ki, sözügedən ərazi günboyu su ilə təmin olunur. Amma ötən həftənin sonlarından ölkə ərazisində müşahidə olunan kəskin istilərlə bağlı xətlərdə olan hidravlik rejim pozulub. Hazırda problemin aradan qaldırılması istiqamətində işlər görülür.
"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyir ki, əgər əvvəllər səhər saat 6-dan gecə saat 12-yə qədər su verilirdisə, artıq bu günlərdə o rejim davam edir: "Tezdən 6-dan günorta 12-yə qədər, bir də axşam saat 6-dan 12-yə qədər. Yəni gündüz saat 12-dən 6-ya qədər anbar ehtiyatı toplanması üçün suyun verilişində fasilə yaranır. Amma gələcəkdə temperaturun, havaların sərinləşməsi, su ehtiyatlarının artması, anbar ehtiyatının çoxalması yenə də köhnə rejimlə, yəni bütün gün ərzində su təchizatının bərpa olunmasına imkan verəcək".
Su problemi həmişə olub. Amma son dövrlər ən qlobal problemlərdən birinə çevrilib. Bu binanın sakinləri də məhz su ehtiyaclarını damın üzərində olan çənlər vasitəsi ilə ödəməyə çalışırdılar. Amma həmin o çənlər yığışdırılıb. Sakinlər deyirlər ki, vaxtilə su çənlərini ərazi üzrə 62 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları yığışdırıb. Bərpasına icazə verməyən də həmin qurumdu.
Məsələyə Suraxanı rayon icra hakimiyyətindən şifahi formada aydınlıq gətirildi. Deyildi ki, su çənləri yaşayış binalarının üzərindən götürülən vaxtlarda mənzillərə 24 saat su verilirdi. O zamanlar belə bir problem yaşanacağı gözlənilmirdi. Üstəlik həmin çənlərdə baş verən nasazlıqların üst mərtəbələrdə yerləşən mənzillər üçün müəyyən problemlər yaratması, bundan başqa dam örtüklərinin təmir işlərinə mane olması belə bir addım atmağa məcbur etmişdi. Bu baxımdan su çənlərinin götürülməsinin sonrakı mərhələdə də doğru qərar olduğu göründü. Son zamanlar suyun verilişində yaranan problem isə müvəqqəti xarakter daşıyır. Bununla belə vətəndaşlar su ehtiyatı üçün mənzillərin daxilində standartlara uyğun çən quraşdıra bilərlər.
