BİR GÖZÜ SÜKANDA, BİR GÖZÜ TELEFONDA OLAN “SÜRÜCÜLƏR”
Bəzi sürücülərin sükan arxasında telefondan istifadə etməsi həm qəza vəziyyətinə gətirib çıxarır, həm də ölümlə nəticələnən anlara sövq edir. Elə bu səbəbdən də yol hadisələrində kifayət qədər artım var.
Telefonla danışarkən sürücü və ya piyada nə səs siqnalını eşidir, nə də qarşıda onu təhlükə gözlədiyinin fərqində olur. Diqqətini telefona verəndə ətrafında nə baş verdiyini hiss etmir. Nə sağa baxır, nə sola. Ən çox da sürücülər üçün təhlükə var. Çünki telefonla danışaraq və ya oynayaraq yol keçən piyadalar sürücülərin qorxulu yuxusudur.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov deyir ki, piyadaların vurulması ümumi hadisələrin 62 faizini təşkil edir. Yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb diqqətsizlik, etinasızlıq, yol hərəkəti haqqında qanuna məhəl qoyulmamasıdır. “Sosial şəbəkə hesablarında bəzi sürücülər avtomobil idarə edərkən canlı yayıma çıxırlar, əllərində telefon. Bu, inzibati məsuliyyət yaradır. Çünki İnzibati Xətalar Məcəlləsinin 342.6 maddəsinə əsasən, həmin sürücülər sükan arxasında avtomobil idarə edərkən əllərində mobil telefon göründüyü təqdirdə 50 manat miqdarında cərimə olunur”.
Ekspert Ərşad Hüseynov isə piyadalarla bağlı məsələyə toxunur. Bildirir ki, yolda hərəkət edən zaman mobil qurğudan istifadə edən piyadalara bununla bağlı heç bir cərimə tətbiq edilmir. Burada ən böyük məsuliyyət elə piyadanın öz üzərinə düşür. “Piyada yolda hərəkət edərkən yol hərəkəti şəraitinə nəzarət etmir, nəqliyyat axınını izləmirsə, ziyanı özü çəkəcək. Adam öləcək, şikəst olacaq. Ona görə də “Özünü qoru” prinsipi ilə piyada nəzərə almalıdır ki, yolda hərəkət edirsə, özünü təhlükəyə atır. “Bir sözlə, "sürücülərə nəzarət olduğu kimi piyadalar da gözdənkənar qalmamalıdır".
AİDA
