Bir kliklə gələn təhlükə: Kiberdələduzluqlardan necə qorunaq?
Müasir dünyada telefonlarımız təkcə əlaqə vasitəsi deyil, həm də bank hesablarımızdan tutmuş şəxsi fotolarımızadək ən həssas məlumatlarımızın saxlandığı rəqəmsal sandıqdır. Lakin diqqətsizcə sıxılan bircə keçid və ya yüklənən şübhəli proqram bütün məlumatların kiberdələduzların əlinə keçməsi üçün kifayət edə bilər. Bəs rəqəmsal təhlükəsizliyimizi təhdid edən əsas risklər hansılardır və necə qorunmalıyıq?
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında İT(İnformasiya Təhlükəsizliyi) üzrə mütəxəssis Kamran Rasimoğlu bildirib ki, kiberdələduzluq təhlükəsindən qorunmağın yolu ilk növbədə gündəlik vərdişlərimizə yenidən baxmaqdan və düzgün addımlar atmaqdan keçir:
"Ən çox edilən səhv təhlükəsizliyə kifayət qədər ciddi yanaşmamaqdır. Məsələn, sadə və eyni paroldan müxtəlif hesablar üçün istifadə etmək, telefon və tətbiqləri vaxtında yeniləməmək, həmçinin tanımadıqları linklərə klikləmək. Bəzən istifadəçi təhlükənin fərqinə yalnız hesabı və ya məlumatları oğurlandıqdan sonra varır. Adi bir foto belə insan haqqında düşündüyümüzdən daha çox məlumat verə bilər. Məsələn, foto harada çəkilib, insanın həmin vaxt harada olduğu, kimlərlə əlaqədə olduğu, işlədiyi yer və hətta gündəlik rutini müəyyən edilə bilər. Ona görə də, sosial şəbəkədə paylaşım etməzdən əvvəl həmin məlumatın kimlər üçün əlçatan olduğunu düşünmək vacibdir".
Ekspert qeyd edir ki, internetə sızan məlumatı geriyə qaytarmaq demək olar ki, imkansızdır və bu diqqətsizlik şəxsiyyət oğurluğundan tutmuş kiberdələduzluğa qədər ciddi fəsadlara yol aça bilər:
"Şəxsi məlumatların internetdə yayılması ciddi təhlükəsizlik və məxfilik problemləri yarada bilər. Bu məlumatlardan dələduzluq, hesabların ələ keçirilməsi, şəxsiyyət oğurluğu və sosial mühəndislik hücumları üçün istifadə oluna bilər. Əsas prinsip budur ki, internetdə paylaşdığımız məlumatı sonradan tamamilə silməyin mümkün olmaya biləcəyini nəzərə almalıyıq".
Ayan Məmmədzadə