Bir problemi həll edərkən, digərini yaratmayaq
Bakı-Xırdalan yolunda mövcud olan yol zolağlarından biri avtobusların hərəkəti üçün ayrılıb. Bəs, zolağın ayrılması nəyi dəyişdi? Bunun müsbət və mənfi nəticələri nələr oldu? Nəqliyyat eksperti İlqar Hüseynov sözügedən məsələ ilə bağlı informator.az saytına açıqlama edib.
Ekspert qeyd edir ki, avtobusların hərəkəti üçün nəzərdə tutulan yol zolağının ayrılması digər nəqliyyatın daha da sıxlanmasına, tıxacın uzunluğunun artmasına səbəb oldu.
“Bununla bağlı təkliflər çox olsa da, bu problemin həlli bir müddət sonra Bakı Beynəlxalq Avtovağzal yaxınlığından sağa-sola yüngül konstruksiyalar əsasında başa gələn növbəti yolötürücülərini quraşdırılmasından keçir. Yəni,bir istiqamət 9mkr-Biləcəri istiqamətindən çıxış istiqaməti yaratmaq lazımdır. Bir istiqamətdən isə Yasamal-Bakıdan çıxış istiqamətində yolötürücüsü quraşdırılmalıdır”.
Ekspert deyir ki, hazırda digər nəqliyyat vasitələrinin oraya girişi ilə bağlı məhdudiyyətlər tətbiq edilir.
“Nəticədə ictimai nəqliyyat Şamaxinkaya bir qədər sürətlə yaxınlaşır. Bundan sonra hərəkətə davam edərkən yaranan problemlər isə başqa bir məsələdir. Ancaq zolağın sayı nə qədər artsa, da sonda bütün avtomobillər Şamaxinka ərazisindəki yeraltı avtomobil nəqliyyat ötürücü tuneldən keçəcək. Sözügedən tunelin həm sağında, həm də solunda dar yolllar var. Həmin yollara da Bakıya rayonlardan gələn avtomagistral birləşir”.
İlqar Hüseynov əlavə edir ki, Bakı-Xırdalan avtobus zolağının ayrılması qismən də olsa, ictimai nəqliyyatın sürətlənməsinə nail olunub, ancaq burada iş elə qurulmalıdır ki, bir problemin həlli başqa bir problemi yaratmasın.
“Öncədən Ekologiya postunun yaxınlığından tıxaca düşülürdüsə, indi isə Bakı-Xırdalan yolundakı körpünün üzərindən tıxaca düşülməyə başlanıb. Avtobusların hərəkəti üçün nəzərdə tutulan yol zolağının ayrılması digər nəqliyyatın daha da sıxlanmasına,tıxacın uzunluğunun artmasına səbəb oldu".
Müsahib sonda deyir ki,ümumi olaraq, zolağın avtobuslara ayrılması ilə problemin həllinə nail oluna bilməyəcəyik.
Nəzrin Mirzəyeva
