Bir siqaret insan ömründən 11-12 dəqiqə alır
İnformator.az-ın növbəti müsahibi sağlam həyat tərzi mütəxəssisi Məhsəti Hüseynovadır. O, sağlam həyatdan, siqaretin zərərlərindən danışıb: "Bu gün insanlar sağlam həyat yaşamından, qidalanmadan o qədər danışırlar ki, eyni zamanda, bəzən buna da əməl etmirlər. Əslində, sağlam həyat sürmək o qədər də çətin deyil. Sadəcə bunun üçün bir az məsuliyyət anlayışı tələb edilir. Sağlam yaşamaq üçün ilk növbədə rejimdə olmağı bacarmalıyıq, yediyimiz qidalara fikir verməliyik. Bundan sonra yuxu rejimi normada olmalıdır. Axşam 23:00-dan sonra yatmaq, səhər erkəndən oyanmaq lazımdır. Bunun özünəxsus elmi səbəbləri vardır. Sağlam olmaq üçün ilk öncə gümrah hiss etməliyik və bu normada tənzimlənən yuxu hormanları vasitəsilə olur. Xoşbəxtlik hormonu olan serotonin 23:00-01:00-dək yuxu zamanı ifraz olunur".
Müsahibimiz bildirib ki, siqaret bu günlərdə digər zərərli vərdişlərdən daha təhlükəlidir: "Çünki satışda olan siqaretlər heç də nənə-babalarımızın istifadə etdiyi tütün vasitələri deyil. Bugünkü satışda olan siqaretlərin tərkibində 4 mindən çox kimyəvi maddə var ki, bunlarda insanlarda asılılığın, təhlükəli xəstəliklərdən biri olan xərçəngin yaranmasına səbəb olur. Bir siqaret insan ömründən 11-12 dəqiqə alır. Təbii ki, siqareti çəkməklə təkcə özünə deyil, ətrafdakılarına da zərər vermiş olur. Əgər sağlam həyat tərzinə sahib olmaq istəyiriksə, zərərli vərdişlərdən, elə birinci siqaretdən uzaq durmaq lazımdır".
Mütəxəssis hesab edir ki, siqaretdən uzaq durmaq sizin üçün mümkün deyilsə, peşəkarlardan dəstək ala bilərsiniz: "Siqareti atandan sonra xarici görünüşdə dəyişiklik baş verir, dad reseptorları bərpa olunur. Sağlam dünyaya gələn insanın sağlamlığını qoruması öz əlindədir. Təbii ki, yeni başlayanlar daha tez şəkildə bu vərdişdən uzaqlaşa bilərlər. Lakin uzun müddət ərzində istifadə edənlərin qanında kifayət qədər zəhərlənmələr baş verib və orqanlarına da zərər vurub. Bunun üçün xüsusi həkim dəstəyi almalıdır. İlk olaraq, bu vərdişə nə səbəbdən sahib olduğuna dair araşdırmalar aparılmalıdır. Əgər həmin insan ailə-məişət, depresiya zamanlarında bundan istifadə edibsə, onun yaşadığı problemlə üzləşməsinə, qəbul etməsinə kömək etməliyik. Əsas səbəbləri tapdıqdan sonra həmin insanı zərərli vərdişlərdən xilas edə bilərik".
Fatimə Mustafayeva
