00:00:00
Yazar
Elmira Ağayeva
09.07.2026 21:38 28 3 dəq oxuma
Gündəm

Birinci Beynəlxalq İslam Sivilizasiyası Forumunun keçirilməsi təsadüfi deyil

Birinci Beynəlxalq İslam Sivilizasiyası Forumunun keçirilməsi təsadüfi deyil

 

Özbəkistanın Daşkənd, Səmərqənd və Termez şəhərlərində keçirilən Birinci Beynəlxalq İslam Sivilizasiyası Forumu beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, forumun məhz indiki mürəkkəb geosiyasi şəraitdə keçirilməsi təsadüfi deyil.Politoloq qeyd edib ki, qlobal güclər arasında rəqabətin artdığı, Yaxın Şərqdə münaqişələrin davam etdiyi və beynəlxalq təhlükəsizlik sisteminin ciddi sınaqlarla üzləşdiyi bir dövrdə belə bir platformanın təşkili mühüm siyasi və ideoloji əhəmiyyət daşıyır:

 

“Özbəkistanın Daşkənd, Səmərqənd və Termez şəhərlərində keçirilən “İslam Sivilizasiyası: Sülh, Tolerantlıq və Maarifçilik Yolu” mövzusunda Birinci Beynəlxalq İslam Sivilizasiyası Forumu həm zamanlaması, həm də daşıdığı konseptual yük baxımından regional və qlobal miqyasda çox mühüm siyasi-ideoloji hadisədir. Forumun məhz indiki mürəkkəb geosiyasi şəraitdə – qlobal güclərin qarşıdurmasının pik həddə çatdığı, Yaxın Şərqdə münaqişə ocaqlarının alovlandığı və beynəlxalq təhlükəsizlik arxitekturasının ciddi sınaqlarla üzləşdiyi bir dövrdə keçirilməsi təsadüfi deyil.”

 

Zeynal Əmrəliyev bildirib ki, dünyada qütbləşmənin artdığı və islamofobiya meyillərinin gücləndiyi bir vaxtda forum Şərqlə Qərb arasında dialoqun inkişafına xidmət edir:

 

“Dünyada qütbləşmənin artdığı, İslam dünyasına qarşı süni şəkildə formalaşdırılan islamofobiya dalğasının siyasi alətə çevrildiyi bir vaxtda Özbəkistanın belə bir qlobal humanitar platforma ilə çıxış etməsi Şərqlə Qərb arasında yeni dialoq körpüsünün qurulması deməkdir. Bu addım eyni zamanda Mərkəzi Asiyanın və xüsusilə Yeni Özbəkistanın beynəlxalq münasibətlər sistemində intellektual və mədəni diplomatiya mərkəzi kimi mövqeyini gücləndirmək strategiyasının tərkib hissəsidir.”

 

Politoloqun sözlərinə görə, forumun əsas ideyası olan sülh, tolerantlıq və maarifçilik prinsipləri müasir İslam dünyasının üzləşdiyi çağırışlara mühüm cavabdır:

 

“Bu gün müsəlman coğrafiyası radikalizm, məzhəb qarşıdurmaları və xarici ideoloji manipulyasiyalarla üz-üzədir. Maarifçilik və tolerantlıq dini radikalizmin və cəhalətin qarşısının alınması üçün əsas mənəvi dayaqlardır. İmam Buxari, İmam Maturidi və İmam Termizi kimi böyük alimlərin irsinin ön plana çıxarılması İslamın əsl mahiyyətinin zorakılıq deyil, elm, rasional düşüncə və bəşəri sülh olduğunu bütün dünyaya nümayiş etdirir.
Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artdığı indiki mərhələdə ortaq tarixi və mənəvi irsin birlikdə təqdim olunması Türk dünyasının inteqrasiyasını daha da gücləndirir. İSESCO, IRCICA, TÜRKSOY və Beynəlxalq Türk Akademiyası kimi qurumların bu platformada birgə fəaliyyəti elmi tədqiqatların, əlyazmaların rəqəmsallaşdırılmasının və mədəni irsin qorunması sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan yaradacaq.
Azərbaycan uzun illərdir multikulturalizm və dini tolerantlıq sahəsində mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir. Bu forum ölkəmizin işğaldan azad olunmuş ərazilərdə İslam mədəni irsinin bərpası istiqamətində gördüyü işlərin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də islamofobiya ilə mübarizə sahəsində mövqeyinin daha geniş təqdim olunması üçün yeni imkanlar yaradır. Eyni zamanda, Azərbaycandakı elmi mərkəzlərlə Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsi ölkəmizin həm İslam dünyasında, həm də Türk coğrafiyasında intellektual mövqeyini daha da gücləndirə bilər.”

 

Süsən Kərimova

#Azərbaycan #Özbəkistan #İslamsivilizasiyası
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər