00:00:00
Yazar
Admin User
21.08.2023 10:12 398 2 dəq oxuma
Sosial

Birinci Qarabağ müharibəsi şəhidi Araz Rüstəmovun qalıqları 31 ildən sonra tapıldı

Birinci Qarabağ müharibəsi şəhidi Araz Rüstəmovun qalıqları 31 ildən sonra tapıldı

Şəhid Araz Rüstəmov 24 yaşında şəhid oldu, yaşasaydı indi 55 yaşında olacaqdı. Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Araz Rüstəmovun meyitinin qalıqları tapılıb. 31 il ailəsi ondan xəbər gözləyirdi. Şəhidimizin yaxınları ilə həmsöhbət olmuşuq.


1992-ci ildə I Qarabağ müharibəsi dövründə Xızı rayonu Giləzi qəsəbəsi ilk şəhidini vermişdi. Onun adı Araz Rüstəmov idi. O, 1992-ci ildə Şuşanın Daşaltı kəndində şəhidlik zirvəsinə ucalmışdı. Lakin 31 il ərzində ailəsi onun haqqında heç bir məlumat əldə edə bilməmişdi. Arazın adı Əsir və İtkin Düşmüş Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınmışdı. Amma bu həftə ailəsi nəhayət, onun sorağını eşitdi. Araz Rüstəmovun meyitinin qalıqları müəyyən edilərək ailəsinə təhvil verildi.

 

Şəhid Araz Rüstəmovun xatirəsinə yaradılan guşəyə 31 ildir toxunulmayıb. Anası Firəngiz xanım oğlunun yolunu 91 yaşadək gözləyib. Lakin onun xəbərini almaq anaya qismət olmayıb. Şəhid Araz Rüstəmovun əmisi qızı Svetlana Rüstəmova deyir ki, Firəngiz xanım 31 il oğlunun yolunu gözlədi: "Aprel ayında Arazdan nigaran o dünyaya köçdü. Hər halda ruhuna ayan olar, ruhu şad olar ki, Arazdan bir xəbər çıxdı, elə bizim də gözümüz yollardan çəkildi".

 

Üç yaşında ikən atasını itirən Araz birinci Qarabağ müharibəsinə könüllü gedib. Məqsədi düşmənlərdən 20 yanvar hadisələrinin qisasını almaq olub. Lakin qismətində şəhidlik varmış. Vətənpərvərlər dəstəsinə könüllü yazılan Araz yanvarın 26-da Daşaltı kəndində pusquya düşərək şəhidlik zirvəsinə ucalıb. Svetlana xanım əlavə edir ki, uzun müddət onun yoxluğuna inanmaq istəməyiblər: "Çünki Araz elə igid oğlan idi ki, o düşmənə bac verməzdi. Biz elə bilirdik ki, nə vaxtsa torpaqlarımız azad olunacaq və yəqin ki Arazdan da bir xəbər çıxacaq, Araz da gəlib çıxacaq".

 

Şəhid Araz Rüstəmovun qardaşı Hacıbaba Rüstəmov da deyir ki, o, hərbiyə könüllü getmişdi: "Bizdən xəbərsiz getmişdi hərbiyə. Xocalı hadisəsindən sonra qəfil xəbər tutduq ki, bəs artıq Araz yoxdur, biz onu itirmişik".

 

Şəhid Araz Rüstəmovun əmisi qızı Sevatlana xanım dövlət başçısına öz minnətdarlığını bildirdi: "Möhtərəm prezidentimiz, müzəffər ali baş komandan İlham Əliyev cənablarına minnətdarıq ki, vətənin azadlığı, ərazi bütövlüyü və istiqlaliyyəti uğrunda mübarizə aparan şəhid olan hər bir azərbaycanlıya, hər bir döyüşçüyə belə qayğı göstərib və nəhayət, oların zəhməti sayəsində bizim davam edən nigaranlığımıza son qoyuldu. Arazın nəşinin qalıqları tapldı".

 

Araz Rüstəmovun qardaşı Mübariz Rüstəmovun oğlu Güləhməd Rüstəmli ikinci Qarabağ müharibəsində əmisinin qisasını alıb. Füzulidən Xocavəndə qədər döyüş yolu keçən Güləhməd əmisi ilə fəxr etdiyini deyir: "Hər zaman onun gözləyirdik, şükürlər olsun ki tapıldı. Mən əmimlə fəxr edirəm. 44 günlük Qarabağ müharibəsində bütün şəhidlərimizin qisası alındı".

 

Qeyd edək ki, Şəhid Araz Rüstəmovun adına Xızının Giləzi qəsəbəsində küçə və şəhid bulağı var. Onun meyitinin qalıqları doğulduğu qəsəbəsinin qəbiristanlıqda torpağa tapşırılacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər