00:00:00
Yazar
Admin User
26.04.2018 06:21 836 4 dəq oxuma
Sosial

BİZ BƏRABƏRİK

Bu bərabərliyin pozulması ilk olaraq, təhsildə başlayır
BİZ BƏRABƏRİK

Könül Məmmədova

Kitabxabaçılıq və informasiya fakültəsi, IV kurs tələbəsi

“Bəşəriyyət iki qanadlı bir quşdur. Qanadlardan biri kişi, digəri isə qadındır. Hər iki qanad eyni qüvvəylə hərəkət edib güclü olmasa quş uça bilməz.” Bu, qadın və kişi hüquqlarının bərabərliyi haqqında deyilmiş ən izah edici fikirlərdən biridir.
Keçmişdən indiki dövrə kimi sosial problemlər içərisində ən əsas yeri məhz gender bərabərliyi tutur. Uzun müddət kişi əməyi,gücü, düşüncəsi ön planda olmuşdur. Lakin cəmiyyətin inkişafı bütün sahələrdə qadınlara da kişilər qədər ehtiyac olduğunu göstərmişdir.
Gender bərabərliyindən danışarkən, həm kişi, həm də qadın hüquqları, onların pozulması hallarını qeyd etmək lazımdır. Hər iki cinsin hüquqlarının eyni olması, pozulmaması üçün müəyyən addımlar atılmaqdadır. Azərbaycanda qadın və kişi hüquqlarının bərabərliyi haqqında qanun 2006cı ildə qəbul edilmişdir. Bu qanunun qəbul edilməsi qeyd etdiyimiz sahədə atılmış ən böyük addım idi. Lakin bunu unutmayaq ki, müxtəlif ölkələrdə bu kimi qanunlar qəbul edilsə də, müəyyən layihələr, tədbirlər həyata keçirilsə də hüquqları pozulan, haqları əlindən alınan insanların, gender bərabərliyinə zidd olan hadisələrin sayı kifayət qədər çoxdur.
Bu bərabərliyin pozulması ilk olaraq, təhsildə başlayır. Daha çox qadınların təhsil haqlarının əlindən alınması, məktəbdən uzaqlaşdırılıb erkən nigahlara cəlb edilməsi halları baş verir. Təbii ki, bu da daha çox savadsız, dünyagörüşü olmayan valideynlərdən irəli gəlir. Daha sonra təhsildən uzaqlaşdırılıb heç bir bacarığı olmadan, bir sənətə yiyələnmədən evləndirilən qadın yenə savadsız, cahil, dünyagörüşündən məhrum bir ailənin üzvü olur. O ailədə dünyaya gəlib böyüyən uşaqlar da öz övladlarına eyni halı yaşadır. Nəticədə geriyə qalan, savadsızlaşan cəmiyyət olur. Bir kişinin təhsil alması, bir fərdin oxuması deməkdirsə, bir qadının oxuması, cəmiyyətin savadlanması deməkdir. Çünki, qadın öyrəndikcə öyrədəcək, öz uşaqlarına bunu aşılayacaq, gələcəyimizi savadlandıracaq. Qadınlarla yanaşı kişilərin də təhsildən uzaqlaşdırılması halları çox yaşanır. “Sən kişisən, oxumasan da olar, birtəhər pul qazanarsan” kimi fikirlər olduqca yanlış və ağlasığmazdır. İnsanlar pul qazanmaq üçün oxumaq, təhsil almaq fikrini tamamilə ağıllarından çıxarmalıdırlar. Təhsili olmadan, şansı və ya hər hansı bir yolla milyoner olmuş şəxsə belə pulunu hesablamaq üçün riyaziyyat lazımdır.
Qadın və kişi hüquqlarının pozulmasından danışarkən, iş və peşə sahələrində olan bərabərsizlikdən də danışmaq lazımdır. Bu bərabərsizlik ilk olaraq, peşələrin cinslərə görə ayrılması ilə başlayır. “Qadın sürücü ola bilməz”, “kişidən dərzi çıxmaz” və s. kimi fikirlər də buna nümunədir. Öz zəhməti ilə pul qazanmaq istəyən, işini sevən insanlar üçün peşələrin cinsiyyəti olmaz.
Daha bir məsələ isə erkən evliliklərlə bağlıdır. Erkən və ya zorla evlilik halları da daha çox qadınlara şamil olunur. Lakin kişilər də bu halları yaşaya bilir. Bunu anlamalıyıq ki, ilk növbədə 18 yaşına çatmamış qadın və kişi evlilik anlayışını belə dərk etmədən, evli bir həyatla başa çıxa bilməzlər. Onlar ilk olaraq, təhsil almalı, sənət öyrənməli, çalışmalı, gələcək üçün lazımlı bir şəxs kimi yetişməlidirlər. 18 yaşından sonra belə istər qadın, istər kişi olsun, evliliyə məcbur edilə bilməz. Hər bir insanın istədiyi vaxt evlənmək, istədiyi insanla həyatını birləşdirmək kimi haqqı vardır. Çox təəssüflə qeyd etmək lazımdır ki, hələ də uşaq yaşda evləndirilən şəxslər var. Daha oyuncaqları ilə oynayıb dünyanı dərk etmədən, haqlarını, hüquqlarını bilmədən, haqları və hüquqları əlindən alınan uşaqlarımız var.
Erkən evliliklə yanaşı, evli şəxslərin bir-birinə əl qaldırması, şiddət görməkləri və s. kimi hallar da əsas məsələlərdən biridir. Yenə təssüflə qeyd edirəm ki, daha çox qadınlar şiddətə məruz qalır və həyat yoldaşları tərəfindən döyülür. Ən ağlasığmazı da budur ki, qadınlara əl qaldıran kişilərin çox gülünc səbəbləri olur. Heyvanlara belə əl qaldırmağın bir cəzası olduğu zamanda döyülən qadınlarımızın, insanlarımızın olması həqiqətən çox dəhşətlidir. Heç bir canlı şiddətə layiq deyil. Fiziki güclərinə görə kişilər özlərini üstün saymamalıdırlar. Toshiko Kishida vurğulayır ki, “əgər kişilər fiziki olaraq daha güclü olduqları üçün qadınlardan üstündürsə, o zaman hökuməti nə üçün Sumo güləşçiləri idarə etmir?” Məncə bu fikir məsələni yumoristik də olsa, çox aydın şəkildə izah edir. Cəmiyyətimizdə qadından şiddət görən kişilər də var və təəssüf ki, belə hallar gülüş obyektinə çevrilir. Lakin anlamalıyıq ki, bu tezliklə həll edilməsi vacib olan məsələlərdən biridir. Şiddət şüurları ilə seçilən varlıqlara, yəni, biz insanlara yaraşmır.
İstər kişi, istər qadın olsun, hər birimiz ən əsas insan olduğumuzu unutmamalıyıq. Şiddətin, mübarizənin, bərabərsizliyin, əksinə, əl-ələ verməyi, birliyi, bərabərliyi öyrənməli və öyrətməliyik. Bu fikirləri ilk növbədə uşaqlarımıza, məktəblilərə, gələcəyimizə aşılamalıyıq. Və hamımız bilməliyik ki, qadınlar və kişilər birlikdə hərəkət etmədikcə, heç bir millət zəfərə çata bilməz. İstər qadınların, istərsə də kişilərin haqlarının əlindən alınması, hüquqlarının pozulması insanlığa qarşı işlənmiş bir cinayətdir. Gəlin bu cinayətə ortaq olmayaq və göz yummayaq!

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər