“Biz sənə görə o qədər pul tökürük, bu nə baldı, yığdın?” – Valideyn basqısı
Abituriyentlərin bir çoxu imtahan öncəsi həyəcan, zəif nəticə göstərdikdən sonra sarsıntı yaşamadıqları halda, valideynləri, qohumları onları təlaşa salırlar. Yüksək bal gözləntiləri uşaqları stressə salır, nəticədə normaldan daha az bal toplayırlar. Məsələn tək abituriyentlər deyil, təhsil ekspertləri, psixoloqlar da narahatdırlar...
Qəbul imtahanlarının ikinci cəhdinə doğru vaxt azaldıqca valideynlərin abituriyentlərə yüksək bal toplamaqla bağlı psixoloji təzyiqi artır. Yenə də dırnaqarası desək, “camaatın uşağı” ifadəsi gündəmə gəlir. Kimi səhv etdiyini dərk edib bu təzyiqi dəstəklə əvəzləyir, kimi isə gözləntilərini yüksəldib övladından 600, hətta bəzən 700 bal toplamağı tələb edir. Elə həmsöhbət olduğumuz abituriyentlərin valideynləri kimi...
Abituriyent: “Birinci ildən kəsildim və ikinci ildir hazırlaşıram. Valideynlərim isə həm mənə bu şansı tanıdılar, həm də dəstək olurlar. İstədiyim yer 250 baldır. Ötən il 150 toplamışdım. Amma məni heç vaxt buna görə qınamadılar”.
Başqa bir abituriyent deyir ki, valideynlərinin ondan gözləntisi 500-dən yüksək bal toplamaq olub: “Amma bu günə qədər qatıldığım sınaqlara əsasən deyə bilərəm ki, bu baxımdan özümə inamım yoxdur. Çünki 300-350 toplayıram. Valideynlərimin bu cür gözləntiləri məni çox pis narahat edir. Amma maksimum üzərimdə çalışıram ki, onların istədiyi balı toplayım”.
Valideynlərin fikrincə, məzun olduğu ildə övladlarının universitetə qəbul olmamağı böyük faciədir. Təhsil ekspertləri isə deyir ki, əsl faciə uşaqdan potensialından daha yüksək balı tələb etməkdir. Elə abituriyentin normaldan daha az bal toplamağına səbəb məhz bu tələbin yaratdığı stress və narahatlıqdır.
Təhsil üzrə ekspert Elçin Əfəndiyev bildirir ki, imtahanda zəif nəticə göstərən abituriyentlərin intihara əl atması hallarına da dəfələrlə şahidlik etmişik: “Bu kimi halların yaranmaması üçün psixoloqların valideynlərə bəzi məqamlarda diqqətli olmağı tövsiyə edir”.
Psixoloq Adil Xəlilov da valideyn basqısının ağır nəticələrinə toxunub: "Hər dəqiqədən bir uşağın üzünə vurmaq ki, "Sən imtahandan keçməlisən, yüksək bal toplamalısan. Biz sənin üçün nə qədər pul tökürük”- Bütün bunlar çox yanlış addımdır. Valideynlər nəzərə almalıdır ki, bu kimi reaksiyalar uşağın çalışqanlığını yox, həyəcanını artırır. Onlara lazım olan isə dəstəkdən başqa heç nə deyil”.
