BIzim gözümüzün önündə Qəzza zolağını bombaladılar, insanları öldürdülər
"Adətən, müharibə zonasına gedən zaman çox təsirli məqamlar yaşanır. Çünki müharibə insan itkisi, insan ölümü deməkdir və biz də müharibəni işıqlandıran jurnalistlər olaraq buna canlı şahidlik edirik".
Bu sözləri İnformator.az-a açıqlamasında Hərbi reportyor Seymur Kazımov söyləyib. Reportyorun sözlərinə görə, o, İsrailə girişlə bağlı heç bir problem yaşamayıb.
"İsrailə girişlə bağlı hansısa, problem yaşamadım, çünki getmədən öncə Azərbaycandakı səfirlikdən vizamı almışdım. Eyni zamanda, İsrail dövləti ərazisində jurnalist kimi fəaliyyət göstərmək üçün də xüsusi icazəm var idi yəni, akkreditasiyadan keçib vəsiqəmi əldə etmişdim”.
Seymur Kazımov müharibə zonasında yaşadığı təsirli anları da dilə gətirib;
“Təsir edən məqamlardan biri budur ki, bizim gözümüzün önündə Qəzza zolağı bombalandı, ora raketlər düşdü, şəhərin zolağın üzərindən tüstülər göyə qalxdı. Bu da o demək idi ki, orda həmin an insanlar ölür”.
Reportyor deyir ki, digər bir təsirli halla da Fələstində üzləşdim.
“Azyaşlı uşaqlar görürdüm ki, dağıntılar arasında, bomba düşmüş ərazilərdə oyun oynayırdılar. Onların yaxınlığında əlisilahlı şəxslər də var idi yəni, bu uşaqların gələcək taleyi ilə bağlı artıq müəyyən suallar yaranırdı insanda. Çünki münaqişə 75 ildir davam edir və bu illər ərzində hər iki tərəfdən xeyli insan ölüb və artıq insanda belə bir təəssürat yaranır ki, bu uşaqlarda nə zamansa böyüyüb əllərinə silah alacaqlar. Yəni, onların gələcəyini düşünəndə doğrusu insan pessimizmə qapılır”.
Jurnalist getdiyi yerlərin müharibə zonasi olduğu üçün riskin hər zaman olduğunu bildirib.
"Risk hər zaman olur, çünki getdiyimiz yer müharibə zonasıdır. Yəni, bombalar, raketlər başımızın üzərindən uçur, şahidlik edirik. Onların hər an üstümüzə düşmək kimi bir imkanı var. Çox şükür ki, üzərimizə düşmədi amma yaxınlığımıza- bir neçə yüz məsafəyə düşürdü”.
S.Kazımov sonda deyir ki, digər risklərdən biri də hərbiçilərlə ünsiyyətdir.
“Çünki hərbiçilər münaqişə zamanı çox həssas olurlar, onlar döyüş əhval-ruhiyyəsidədirlər. Onlar gözlərinin qarşısında döyüş yoldaşlarını itirirlər və bunun hərbiçilərə psixoloji təsirləri olur. Hərbiçilər jurnalistlərə də o qədər xoş davranmırlar. Müəyyən hallarda isə onların da hücumlarına məruz qalırdıq. Bu kimi risklər münaqişə zonasında olur, çalışırdıq ki, bu riskləri minimallaşdıraq və buna da nail olduq”.
Aydan İsayeva
